Ölkə ərazisində aparılan rəy sorğusu zamanı respondentlər birmənalı olaraq uşaqların maarifləndirilməsi üçün müasir aranjemanda olan uşaq mahnılarını əldə edə biləcək resurslara çıxışlarının olmadığını qeyd ediblər. Bu məqsədlə “Uşaq və Yeniyetmələrə Dəstək” İctimai Birliyi onlayn aksiyaya start verir. Aksiyanın məqsədi uşaqların estetik zövqünün formalaşması, asudə vaxtının səmərəli keçirilməsi və maarifləndirilməsi naminə valideynlərin yeni aranjemanda olan uşaq mahnılarına əlçatanlığının təmin olunmasına, ictimaiyyətin uşaq mahnılarına diqqətinin cəlb olunmasına xidmət edir.

Open.az xəbər verir ki, 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya iyun ayının 30-na qədər davam edəcək. Aksiya boyunca Birliyin sosial şəbəkə hesablarında (@uydib) hər gün bir uşaq mahnısı yerləşdiriləcək. Aksiya nəticəsində azyaşlı uşaqların valideynləri, uşaq bağçalarının əməkdaşları, ibtidai sinif müəllimləri və musiqi müəllimləri yenidən nəfəs verilmiş retro mahnılar ilə bərabər həmçinin yeni uşaq mahnılarına, bəzi mahnıların karaoke versiyalarına da çıxış əldə etmiş olacaqlar. “Can Bala” , “Noğullar”, “Gülən Notlar”, “Dostlar” qrupu və digər uşaqların ifasında Fikrət Əmirov, Oktay Zülfüqarov, Məryəm Əlibəyli kimi bəstəkarların uşaqlar üçün hazırladığı əsərlər yer alacaq.

Uşaq mahnılarının uşaqların həm mənəvi tərbiyəsi, həm də estetik zövqünün inkişafı üçün təkanverici qüvvə olması danılmaz faktdır. Uşaq mahnıları uşaqları maarifləndirməklə yanaşı, onları nikbin arzular ərtafında birləşdirir. İfa olunan və səhnələşdirilən mahnılar uşaqları doğmalaşdırır, sosiallaşdırır, onlara həmrəylik, əməkdaşlıq kimi müsbət və faydalı sosial-psixoloji vərdişlər aşılayır.