Fevralın 24-də “Park İnn” hotelində UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının (İFAP) Azərbaycan Komitəsinin növbəti iclası keçirilib.

Open.az xəbər verir ki, iclasda Milli Komitədə təmsil olunan dövlət qurumlarının nümayəndələri iştirak edib.

İFAP-ın Azərbaycan Komitəsinin sədri, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiyalar (NRYTN) və rəqəmli inkişaf şöbəsinin müdiri Rəşad Əzizov çıxış edərək proqramın ölkəmizin xaricdə tanıdılması və təbliği baxımından əhəmiyyətini vurğulayıb. Proqramın məqsədləri və prioritet sahələri barədə məlumat verərək bildirib ki, “İnformasiya hamı üçün” UNESCO tərəfindən 2001-ci ildə yaradılan unikal hökumətlərarası proqramdır. Əsas məqsədi təşkilata üzv ölkələrin milli informasiya siyasətinin formalaşması, bilik sahəsi üzrə strategiyanın hazırlanması və həyata keçirilməsinə dəstək verilməsi, həmçinin informasiya və biliklərin əldə edilməsi sahəsində fəaliyyət planlarının hazırlanması, beynəlxalq siyasi diskussiyalar və əməkdaşlıq üçün platformanın yaradılmasıdır.

R.Əzizov həmçinin “UNESCO-nun İFAP proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” üzrə görülmüş işlər haqqında məlumat verib. Vurğulanıb ki, proqramın altı prioritet sahəsi – “İnformasiyaya çıxış”, “İnkişaf üçün informasiya”, “İnformasiya etikası”, “İnformasiya savadlılığı”, “İnformasiyanın qorunması”, “Kiberməkanda çoxdillilik” üzrə məsələlər bu planda öz əksini tapıb. Nəzərdə tutulan sahələr üzrə aidiyyəti dövlət qurumları müəyyən dərəcədə nailiyyətlər əldə edilməklə fəaliyyəti genişləndirə biliblər.

Qeyd olunub ki, Azərbaycanda İFAP Milli Komitəsi 2010-cu ildən fəaliyyət göstərir. 2018-ci ildən isə İFAP-ın Azərbaycan Komitəsinin NRYTN-in tərkibində fəaliyyət göstərməsi haqqında qərar qəbul olunub. 11 sentyabr 2018-ci ildə UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyası yanında UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin yeni Əsasnaməsi, 29 yanvar 2019-cu ildə isə NRYTN tərəfindən hazırlanmış və aidiyyəti qurumlarla razılaşdırılmış “UNESCO-nun “İnformasiya hamı üçün” Proqramının Azərbaycan Komitəsinin 2019-2021-ci illər üçün Tədbirlər Planı” təsdiq edilib.

Tədbirdə sonra www.ifap.az saytının təqdimatı olub. Saytda komitənin tarixi və fəaliyyəti, xəbərlər, tərəfdaşlar, sənədlər bölmələri yaradılıb. Bu bölmələr vasitəsilə birbaşa İFAP-ın əhatə etdiyi sahələr və bu yöndə görülən işlər haqqında ətraflı məlumat alaraq tərəfdaşlıq etmək mümkündür.

Daha sonra iclasda Milli Komitənin üzv qurumlarının və ictimai təşkilatların nümayəndələri çıxış edərək Tədbirlər planı çərçivəsində görülən işlər haqqında məlumat veriblər.

Mədəniyyət Nazirliyinin Beynəlxalq əməkdaşlıq və innovativ inkişaf şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq sektorunun müdiri Nuriyyə Məmmədova çıxış edərək nazirlik tərəfindən bu sahədə həyata keçirilən genişmiqyaslı layihələrdən söz açıb.

Sonra AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli əlyazmaların rəqəmsallaşdırılması ilə bağlı hesabat təqdim edib.

“İKT LAB” Tətbiq və Tədris Mərkəzinin rəhbəri Rauf Cabbarov “Digital Girls” milli təlim proqramı haqqında məlumat verib. Bildirib ki, ölkəmizdə qadınların İKT sahəsinə cəlb edilməsi və müasir texnologiyalar sahəsində rolunun artırılmasına xüsusi diqqət yetirilir.

İclas Dövlət Turizm Agentliyi və Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkdaşları və ictimai təşkilatların nümayəndələrinin diskussiyası ilə davam edib.