Sentyabrın 11-dən 15-dək Türkiyədə II Beynəlxalq Maltəpə Teatr Festivalı keçiriləcək.

Open.az xəbər verir ki, Teatr Festivalında Türkiyənin 7 bölgəsindən 29 teatr truppası iştirak edəcək və ümumilikdə 35 səhnə əsəri nümayiş olunacaq.

Teatr Festivalında 10 xarici ölkədən gəlmiş Teatr truppaları da çıxış edəcək.

İyul ayında dünyasını dəyişən görkəmli türk dramaturqu Tuncer Cücenoğlunun "Çığ" (Uçqun) adlı dram əsərini Rumıniya Teatrı yeni quruluşda təqdim edəcək.

Qeyd edək ki, Tuncer Cücenoğlunun "Çığ" (Uçqun) əsəri Türkiyə və dünyanın 60-dan çox şəhərində səhnəyə qoyularaq, 21-ci əsrin ən çox səhnələşdirilən dram əsəri kateqoriyasına namizəd olub.

Xatırladaq ki, "Çığ" (Uçqun) tamaşasına 2009-cu ildə Akademik Milli Dram Teatrında Əməkdar incəsənət xadimi, rejissor Bəhram Osmanov da quruluş verib.

Tamaşa uzun illər teatrın repertuarında uğurla nümayiş olunub və bir neçə Beynəlxalq Festivallarda göstərilib.

ÜLVİYYƏ HƏSƏNQIZI

Türkiyədə II Beynəlxalq Maltəpə Teatr Festivalı keçiriləcək