Ötən gün F.Köçərli adına Respublika Uşaq kitabxanasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bakıda keçirilən VII Zirvə Görüşü şərəfinə həsr olunmuş “Türk birliyinə aparan yol” adlı tədbir keçirilib.

Open.az xəbər verir ki, tədbirdə 3 saylı Bakı “ASAN xidmət” mərkəzinin könüllüləri, kitabxananın daimi oxucuları və digər qonaqlar iştirak edib.

Tədbir çərçivəsində, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası haqqında ətraflı məlumatı əks etdirən videoçarx təqdim edildi. Sonra tədbir Bakı şəhər H.Sarabski adına 7 nömrəli Uşaq Musiqi Məktəbinin şagirdlərinin təqdimatında konsert proqramı ilə davam etdi. Aşıq musiqiləri ilə yanaşı xalq musiqi nömrələri də ifa olundu.

Tədbirdə çıxış edən kitabxananın direktor müavini, Əməkdar mədəniyyət işçisi Zahirə Dadaşova tədbirin əhəmiyyətini vurğulayaraq, tədbir iştirakçılarına kitabxana tərəfindən nəşr edilən “Türk dünyasının nağıl bağı” kitabı haqqında məlumat verdi. Kitabxananın direktoru, Əməkdar mədəniyyət işçisi Şəhla Qəmbərova musiqi məktəbinin rəhbərliyi başda olmaqla onun kollektivinə öz minnətdarlığını bildirərək, “Qarabağ şikəstəsi”ni ifa edən Xalq Çalğı Alətləri ansamblının ən kiçik üzvü İsfəndiyar Dadaşova “Türk dünyasının nağıl bağı” kitabını hədiyyə etdi.

Sonda musiqi məktəbinin şagirdlərinə kitabxana tərəfindən təsis edilən “Göy Qurşağı” uşaq jurnalları təqdim edildi.