Martın 14-də Cəfər Cabbarlı adına “Azərbaycanfilm” Kinostudiyasında kino sənətinin görkəmli nümayəndəsi, kinorejissor, xalq artisti Tofiq Tağızadənin 100 illiyi münasibətilə sənətkarın vaxtilə çalışdığı yaradıcılıq otağının açılışı olub.

Open.az xəbər verir ki, açılış mərasimində respublikanın tanınmış mədəniyyət və incəsənət xadimləri, rejissorun ailə üzvləri iştirak ediblər.

Mərasimdə çıxış edən “Azərbaycanfilm” kinostudiyasının direktoru, əməkdar incəsənət xadimi Müşfiq Hətəmov qeyd edib ki, "Vaxtilə görkəmli sənətkarların çalışdığı kinostudiya həm bir tarix, həm də gənc nəsil kinematoqrafçılar üçün örnək məkandır. Elə bu səbəbdən də vaxtilə bu binada çalışmış unudulmaz, korifey kino xadimlərimizin xatirəsini əbədiləşdirmək qərarına gəldik. Bu insanların Azərbaycan kinosunda xüsusi xidmətləri var və biz bu ənənəni davam etdirəcəyik”

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Şəfiqə Məmmədova, xalq artisti, rejissor Oqtay Mirqasımov, “Yeddi oğul istərəm” filminin aktyorları xalq artistləri Əbdül Mahmudov, Ənvər Həsənov, Rafiq Əzimov layihənin təşəbbüskarlarına təşəkkür ediblər.

Qeyd olunub ki, “Kinostudiyanın dəhlizlərində bu sənətkarların ruhu və əziz xatirələri yaşayır. Bu otaqda da həmişə xoş xatirələr anılacaq”.

Tədbirdə çıxış edən aktyorlar son günlərdə kino sahəsinə ayrılan diqqətə görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, rejissorun 100 illik yubileyi ilə bağlı Mədəniyyət Nazirliyi və Bakı Şəhər Mədəniyyət Baş İdarəsi tərəfindən silsilə tədbirlər keçirilir.

Tədbirin sonunda Tofiq Tazızadənin ailəsi adından kürəkəni, əməkdar artist Firdovsi Atakişiyev çıxış edib. F.Atakişiyev rejissorun xatirəsini əbədiləşdirilməsi istiqamətində göstərdiyi diqqətə görə, kinostudiyanın rəhbərliyinə təşəkkür edib.

Firdovsi Atakişiyev Tofiq Tağızadənin ailə arxivindən görkəmli bəstəkar Qara Qarayevin vaxtilə “Uzaq sahillərdə” filmi üçün bəstələdiyi “Bakı haqqında” mahnısının not əlyazmasını yaradıcılıq otağına hədiyyə edib.

Ülviyyə Həsənqızı