Tanınmış azərbaycanlı dizayner Gülnarə Xəlilova “Aspara Fashion Week”in beşinci mövsümü çərçivəsində kəlağayıdan hazırlanmış üst geyimdən ibarət “İpək sərvət” adlı eksklüziv kolleksiyasını təqdim edib.

Open.az xəbər verir ki, koronavirus pandemiyası ilə əlaqədar bir çox ölkənin dizaynerlərinin iştirakı ilə dördgünlük “Aspara Fashion Week” (Qazaxıstan, Taraz) onlayn rejimdə təşkil olunub. Nümayişdən qabaq iştirakçılara ingilis dilində müraciət edilib.

Moda evinin və Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Gülnarə Xəlilova deyib: “Mənim müxtəlif kolleksiyalarım buna qədər Türkiyə, Rusiya, Çin, Avstriya, Rumıniya, Böyük Britaniya, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və digər ölkələrdə keçirilmiş Dəb həftələrində və beynəlxalq tədbirlərdə uğurla təqdim olunub. Mən bu kolleksiyanı da beynəlxalq podiumlarda göstərməyi planlaşdırmışdım, lakin məlum olduğu kimi koronavirus pandemiyası ilə əlaqədar bütün tədbirlər ləğv olunub.

Tanınmış dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib

“Aspara Fashion Week” layihəsinin təsisçisi, Qazaxıstanın tanınmış dizayneri Aydarxan Kaliyevə göndərdiyi dəvətə görə minnətdarlığımı bildirmək istərdim. Layihə yüksək səviyyədə keçirildi və biz çoxlu parlaq və maraqlı kolleksiya gördük. Həmkarlarıma gələcəkdə yaradıcılıq uğurları arzulayıram, beynəlxalq arenada görüşənədək”.

Xatırladaq ki, bu kolleksiya ilk dəfə 2019-cu ilin noyabr ayında təqdim olunub. Layihə Beynəlxalq Muğam Mərkəzinin dəstəyilə “Azerbaijan Kelagayi” (“Azərbaycan kəlağayısı”) milli brendi ilə birlikdə həyata keçirilib. Tədbir ənənəvi sənət və rəmz olan kəlağayının, onun hazırlanmasının və geyinilməsinin Azərbaycan tərəfindən UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına beş il əvvəl daxil edilməsinə həsr olunub. Kəlağayıdan hazırlanmış üst geyimi ilk dəfə göstərilib. Medianın simaları və ulduzlar modellər qismində çıxış ediblər. Kəlağayı Azərbaycanın milli qadın baş örtüyüdür. O, yerli istehsal olan bükülməmiş saplardan hazırlanan ipək şaldır və ənənəvi üsulla üzərinə mum vasitəsilə basma naxışlar vurulur.

Tanınmış dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib

Tanınmış dizayner Gülnarə Xəlilova “İpək sərvət” adlı kolleksiyasını təqdim edib