Sumqayıt Dövlət Dram Teatrında Xalq artisti Svetlana Həkimovanın 80 illik yubileyi qeyd olunub.

Open.az xəbər verir ki, Sumqayıt Dövlət Dram Teatrının direktoru Əməkdar artist Mübariz Həmidov sənətkarı təbrik edib, dövlətin mədəniyyətə qayğısını vurğulayıb. Həmçinin Sumqayıtın sosial- mədəni inkişafından söz açıb və bu inkişaf palitrasında teatrın da öz çalarlarının olduğundan qürur duyduğunu bildirib.

Direktor müavinləri Əməkdar artist Vidadi Məmmədov, Maya Məmmədova, quruluşçu rejissor Əməkdar artist Namis Şirməmmədov, istedadlı aktrisa Əməkdar artist İlahə Səfərova və digər aktyorlar çıxışlarında Svetlana xanımın teatrda, televiziyada, şəhərin mədəni-kütləvi tədbirlərində oynadığı obrazlara nəzər salıblar. Xalq artistinin oyun tərzindən, səhnədə çevikliyindən, inprovizə qabiliyyətindən danışıblar.

Qeyd olunub ki, Svetlana Həkimovanın yaratdığı “Solğun çiçəklər”- Sara, “Qaraca qız”- Gülğəri nənə, “Demoklisin qılıncı”- Hakimin qızı və bir sıra obrazları bugün də yaddaşlarda qalıb.

Sonda teatrın direktoru Əməkdar artist Mübariz Həmidov Sumqayıt Dövlət Dram Teatrının kollektivi adından Svetlana xanıma bir daha təbrikini bildirib və teatr kollektivi adından hədiyyə təqdim edib.

Xatırladaq ki, yanvarın 6-da Xalq artisti Svetlana Həkimovanın 80 yaşı tamam olub.