Azərbaycanın tanınmış teatr və kino aktyoru, əməkdar artist, " Zirvə" mükafatı və "Stanislavski" medalı laureatı Şövqi Hüseynov avqustun 14-dən, 18-dək keçirilən "Ostrovski-Fest" I Beynəlxalq Teatr Festivalından qayıdıb.

Ötən gün Vətənə yüksək mükafatla dönən Əməkdar artist Open.az-a özəl açıqlama verib.

Şövqi Hüseynov bildirib ki, Festivalda Azərbaycan Teatrının tamaşası yüksək səviyyədə qarşılanıb.

"Ostrovski -Fest" I Beynəlxalq Teatr Festivalı Rusiyanın İvanov əyalətinin Kineşma şəhərində, Ostrovski adına Dram Teatrının bazasında, şəhərin qubernatoru və meriyasının dəstəyi ilə keçirildi. "Ostrovski -Fest" I-ci mono və kiçik həcmli Beynəlxalq tamaşalar Festivalıdır. Bildiyiniz kimi, Rusiyanın bu bölgəsinə yaxın şəhərdə iki əvvəl "Qaynar ürəklər" adlı Festivalda çıxış etmişdim. "Ostrovski-Fest" I Beynəlxalq Festivalı isə 2019-cu ildən start götürüb. Festivalın təntənəli açılış mərasimi Ostrovski adına Dram Teatrının qarşısında oldu. Həmin gün əsl bayram ab-havası yaşandı. Şəhərin qubernatoru, meri, Mədəniyyət nazirliyinin nümayəndələri və yüksək münsiflər heyətinin iştirakilə baş tutan təntənəli açılış mərasimindən sonra ilk çıxış Azərbaycan Teatrının tamaşası oldu. 700-800 nəfərlik tamaşa salonunda Rusiyanın müxtəlif şəhərlərindən gəlmiş tanınmış teatr xadimləri iştirak edirdi. Mənim üçün tamaşanı böyük səhnədə oynamaq məsuliyyət idi. Çünki Festivalın açılışı bizim tamaşa ilə başlanırdı və ilk tamaşa necə alınsaydı, tamaşaçıların onun arxasından gəlməsi, reaksiyası da elə olacaqdı. Allaha şükürlər olsun ki, tamaşamız yaxşı alındı. Uğurla qarşılandı. Festivalda İsrail, İsveçrə, Moldova, Ukrayna, Moskva, Azərbaycan və Kineşma şəhərinin teatrları iştirak edirdi. Hər gün 2-3 tamaşanın nümayiş olunduğu Festivalda Almaniya, Moldova, Moskva və Belarusdan gəlmiş teatr tənqidçiləri, professorlar, Universitet müəllimləri, rejissorlardan ibarət yüksək Münsiflər heyəti iştirak edirdi. Festivalın təntənəli bağlanış mərasimi avqustun 18-də baş tutdu. Bağlanışdan əvvəl Rusiyanın Xalq artisti Knyazev "Qaratoxmaq qadın" tamaşası ilə çıxış etdi. Bu tamaşa Festivalın proqramından kənar nümayiş olundu. Daha sonra bütün iştirakçılar səhnəyə dəvət edildi və onlara laureat diplomları təqdim olundu. "Ostrovski - Fest" I Beynəlxalq Teatr Festivalının 3 əsas nominasiyası üzrə qalibləri isə Rusiya, İsveçrə və Azərbaycandan oldu. Birinci nominasiya "Teatr sənətinə verdiyi töhfələrə" görə Luqanskdan olan 80 yaşlı tanınmış aktyora təqdim olundu. İkinci nominasiya "Münsiflər heyətinin xüsusi mükafatı"nı İsveçrədən olan musiqili tamaşa qazandı. Üçüncü nominasiya "Tamaşaçı rəğbəti, simpatiyası" nın qalibi isə Azərbaycan Teatrı və mənim timsalımda "Kontrabas" tamaşası oldu. Bilirsiniz ki, bu tamaşa 21 il ərzində çoxlu mükafatlar qazanıb. Müxtəlif festivalların qalibi olub. Amma "Tamaşaçı rəğbəti" nominasiyasında qalib olmaq, səninlə tanış olmayan, aktyorluğuna bələd olmayan tamaşaçıların xüsusi rəğbətini qazanmaq, hesab edirəm ki, ən böyük mükafatdır. Mən çox sevinirəm. Çünki bu mükafat- Azərbaycan sənətinin, mədəniyyətinin teatrının adıdır". deyə Şövqi Hüseynov bildirib.

Əməkdar artist həmçinin əlavə edib ki, Festivaldan sonra Kineşma şəhərinin yerli radio, televiziya və mətbuatında Azərbaycan Teatrının tamaşasına diqqət böyük olub. Bu səbəbdən də Şövqi Hüseynovu növbəti dəfə yeni festivallara dəvət ediblər:

"Festivalın gedişatı televiziyada gündəlik işıqlandırılırdı. Festivalın açılışı və xüsusilə bizim tamaşamız haqqında geniş süjet və əsərdən parçalar təqdim olundu. Azərbaycan Teatrının tamaşasını növbəti dəfə də Kineşmada, "Ostrovski-Fest" Beynəlxalq Teatr Festivalında görmək istədiklərini bildirdilər. Festivalların bir gözəl xüsusiyyəti də var ki, yeni tanışlıqlar, dostluqlar qazanırsan. Yeni teatr festivallarına dəvət alırsan. Məsələn, növbəti il üçün məni Oryol şəhərində keçiriləcək mono-tamaşalar festivalına dəvət etdilər. İnşallah 2020-ci ildə vaxt tapıb, o festivala da gedərik. Həmçinin Norveçdə keçiriləcək Festivala dəvət aldım. Cənubi Koreyadan gəlmiş, Kineşmada "Ustad dərsləri" keçən teatr eksperti isə bizim tamaşamızı növbəti ildə öz vətənində görmək arzusu olduğunu qeyd etdi. Təbii ki, bütün bu dəvətlər, bizim tamaşamıza qarşı olan yüksək diqqət Azərbaycan Teatrının uğurudur".

Qeyd edək ki, Patrik Züskindin “Kontrabas” mono-tamaşası 1998-ci ildə səhnəyə qoyulub. Azərbaycan və rus dilində oynanılan "Kontrabas" tamaşası keçmiş possovet respublikalarında, Türkiyədə, İranda, Moldova, Rusiya və Ukraynada keçirilən beynəlxalq teatr festivallarında mükafatlara layiq görülüb..

Mono-tamaşanın quruluşçu rejissoru, səhnə və musiqi tərtibatçısı, mərhum rejissor İrina Perlovadır.

1 saat davam edən tamaşanın süjet xətti ensiklopedik biliklərə malik qəhrəmanın həyatda çox sadə mövqe sahibi olmasıdır. Opera “ulduzuna” vurulan bu şəxs həmin xanıma etiraf etmək istəyir ki, sakit otaqlarda belə onun səsini eşidir, məşhur ariyaları ifa edən gözəl səsi ilə dialoqa girir. Bu zaman özü-özü üçün qısqanclıq səhnəsi, teatr “qalmaqalı” yaradır ki, bəlkə bunun nəticəsində məşhur ulduzla ünsiyyətdə olmaq imkanı yarandı. Sarkazm və yumoristik məqamlarla zəngin olan tamaşada qəhrəmanın yeganə ünsiyyət vasitəsi kontrabasdır. Əsərin qəhrəmanının sevgilisi ilə dialoqu kontrabasla dialoq əvəz edir. Bu xoş ünsiyyətin ən maraqlı fikir ötürümü bundan ibarətdir ki, insan birinci növbədə özü-özünə sədaqətli olmalıdır. Yalnız bundan sonra onun ətrafdakılara sədaqətini dəyərləndirmək olar.

Xatırladaq ki, Əməkdar artist Şövqi Hüseynov avqustun 25-də "21 illik Kontrabas"ı ilə birlikdə ABŞ-na səfərə yola düşəcək.

"Kontrabas" mono-tamaşası avqustun 28, 29 və 30-da ABŞ -ın Boston şəhərində nümayiş olunacaq.

ÜLVİYYƏ HƏSƏNQIZI