Şəki Dövlət Dram Teatrın səhnəsində Azərbaycan Rəqs Assosiasiyası və Azərbaycan Gənclər İttifaqının təşkilaçılığı ilə rəqs üzrə "Böyük Qafqaz Kuboku" adlı rəqs yarışması keçirilib.

Open.az xəbər verir ki, yarışmada paytaxt Bakı, Gəncə, Şəki, Tovuz, Ağcabədi və digər şəhərlərin təmsilçiləri olan rəqqaslar iştirak ediblər.

Dörd yaş kateqoriyası üzrə – beybi (6 yaşa kimi), uşaq (10 yaşa kimi), yuniorlar (16 yaşa kimi), ergin (16 yaş və yuxarı) baş tutmuş müsabiqədə rəqs shov, folklore shov, folklore etnika, folk style, hip hop shov, belly dance, bollywood, classic dance, modern, chreeleding, shov dance rəqs növləri üzrə ifalar təqdim olunub. Yarışmanın favoritlərindən sayılan Şəki Uşaq İncəsənət Məktəbinin rəqs kollektivi sözügedən müsabiqəyə yeddi fərqli rəqslə qatılıb və nəticə etibarilə məktəbin rəqs kollektivi 3 xarici rəqs (cerlidenq, müasir və modern) və Azərbaycan rəqsi üzrə müvəffəqiyyət qazanaraq ən yüksək mükafata, birinci yerə layiq görülüblər. Digər üç rəqsin ifaçıları isə laureat adını qazanıblar.

Gərgin mubarizə şəraitində keçən yarışmanın sonunda “Böyük Qafqaz Kuboku” müsabiqə qaliblərindən biri olaraq, Şəki Uşaq İncəsənət Məktəbinin rəqs müəlliməsi Xumar Əsədovaya təqdim edilib.