"Rusiya ilə Azərbaycan arasında mədəni əlaqələr yüksələn xətlə davam edir. Bu il Bakıda Rusiyanın ən məşhur teatr truppaları və konsert kollektivlərinin çıxışları oldu. Kreml baleti, "Beryozka" Ansamblı, Vaxtanqov Teatrı və. s. çıxışları ölkələrimiz arasında yüksək səviyyəli qarşılıqlı dostluqdan xəbər verir".

Bu fikirləri Rusiya Dövlət Akademik Malıy Teatrının Bakıda başlanan qastrol səfəri çərçivəsində keçirilən mətbuat konfransında Rusiyanın Azərbaycandakı Səfirliyinin müşaviri Yeronin İqor Petroviç deyib. Müşavirin sözlərinə görə növbəti illərdə Azərbaycanın mədəniyyət kollektivləri də Rusiyada geniş proqramla çıxış edəcəklər:

"2020-ci il Rusiyada Azərbaycan Mədəniyyəti İli elan edilib. Bu münasibətlə Azərbaycan Rusiyada keçiriləcək bir çox mədəni-kütləvi tədbirlərdə və beynəlxalq səviyyəli konfranslarda Fəxri qonaq kimi iştirak edəcək. Həmçinin, Azərbaycanın sənət adamları, teatr kollektivləri də Rusiya paytaxtında qonaq olacaqlar. Malıy Teatrının Bakı səfərinə gəldikdə isə, Rusiyanın Azərbaycandakı səfirliyi bu qastroldan bir qədər gec xəbər tutdu. Amma yenə də biz əlimizdən gələn köməyi etməyə çalışdıq. Gələcəkdə də Rusiyanın ən tanınmış teatr truppaları, sənət adamları Bakıda, Azərbaycanın görkəmli sənətkarları isə Rusiyada qastrol səfəri ilə çıxış edəcəklər".

Malıy Teatrın Rusiya mədəniyyətinin vizit kartı olduğunu deyən İqor Yeronin əlavə etdi ki, Azərbaycan və Rusiyanın mədəni əlaqələri, iki ölkə arasında olan dostluq telləri bundan sonra da qırılmayacaq:

"Malıy Teatr nəinki Rusiya mədəniyyətinin, həmçinin Rusiya Federasiyasının vizit kartıdır. Mən çox istəyirəm ki, Azərbaycan və Rusiyanın mədəni əlaqələri, əməkdaşlığımız, qarşılıqlı münasibətlərimiz dinamik şəkildə inkişaf etsin. İki ölkə arasında sənət mübadilələri çoxalsın".

Ülviyyə Həsənqızı