Ötən gün Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sərəncamı ilə Rusiyanın yeni Mədəniyyət naziri təyin edilib.

Open.az xəbər verir ki, 2012-ci ildən Rusiyanın Mədəniyyət naziri vəzifəsində olan Vladimir Medinskidən sonra, bu posta RF-nın Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Departamentinin rəhbəri Olqa Lyubimova gətirilib.

Yaxın illərdə Rusiyanın Mədəniyyət naziri postunda olacaq Olqa Lyubimova kimdir?

1980-ci il dekabrın 31-də Rusiyanın Əməkdar İncəsənət Xadimi, M.S.Şepkin adına Ali Teatr texnikumunun rektoru, Rusiya Dövlət Akademik Malıy Teatrının Bədii rəhbərinin müavini, teatr tənqidçisi Boris Lyubimov və "Sovremennik" Teatrının aktrisası Mariya Şveruboviçin ailəsində doğulan Olqa Lyubimovanın babası Vasili Kaçalov SSRİ Xalq artisti, Rusiyanın görkəmli aktyoru və qiraət ustası olub.

Teatral kökləri möhkəm, ailədə doğulan Rusiyanın yeni Mədəniyyət Naziri ilk təhsilini Provoslav gimnaziyasında alıb. Daha sonra Moskva Dövlət Universitetinin Jurnalistika və QİTİS-in teatrşünaslıq fakültələrində təhsil alıb. Müxtəlif informasiya agentlikləri və televiziyada çalışıb. Dini mövzulu bir neçə sənədli film çəkib.

2015-ci ildə Rusiya Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Departamentində Baş məsləhətçi vəzifəsində çalışıb.

2018-c il yanvarın 17-dən 2020-ci il yanvarın 21-dək RF-nın Mədəniyyət Nazirliyinin Kinematoqrafiya Departamentinin rəhbəri olub.

Ötən gündən isə Rusiyanın Mədəniyyət Naziri təyin edilib.

Ülviyyə Həsənqızı

Rusiya Mədəniyyətinin 40 yaşlı yeni rəhbəri  kimdir?