Azərbaycanın əməkdar jurnalist Arif Əliyevin “Sənət əbədidir, ömür amanat” adlı kitabı çapdan çıxıb.

Üçpərdəli sənədli povest görkəmli teatr rejissoru, SSRİ xalq artisti Ədil İsgəndərovun Azərbaycan Dövlət Akademik Dram Teatrına rəhbərlik etdiyi və əsasən Səməd Vurğunun “Vaqif” əsəri üzərində işlədiyi dövrü əhatə edir.

Sənədli povest tanınmış rejissor, aprelin 2-də dünyasını dəyişən Rövşən Almuradlının 1975-76-cı illərdən danışdığı xatirələri əsasında qələmə alınıb.

Ədil İsgəndərova həsr olunan povestin müəllifi, əməkdar jurnalist Arif Əliyevlə görüşüb, çapdan yenicə çıxmış kitab barəsində ətraflı söhbət etdik.

Beləliklə, Azərbaycanın əməkdar jurnalisti, publisist Arif Əliyevin "Sənət əbədidir, ömür amanat..." sənədli povesti ilə bağlı Open.az-a müsahibəsini təqdim edirik.

- Arif müəllim, "Sənət əbədidir, ömür amanat..." sənədli povesti görkəmli teatr rejissoru, SSRİ xalq artisti Ədil İsgəndərova həsr olunub. Kitabın yaranma ideyası necə olub?

-Mərhum rejissor Rövşən Almuradlı ilə "Yalama" sənədli povesti əsasında film çəkmişdik. Günlərin birində Rövşən Almuradlı mənə zəng etdi və dedi ki, "Yalama" nı oxudum. Mən bu povesti ekranlaşdırmasam, ölərəm. Həmin ərəfədə bəstəkar Vaqif Gərayzadə ilə birlikdə "Yalama" sənədli povestinin tamaşaya çevrilməsi üzərində yaradıcılıq işi aparırdıq.

Bu ərəfədə baş verənlərlə bağlı aprelin 19-da Rövşən Almuradlının 65 illik yubileyi münasibətilə, onun xatirəsinə həsr etdiyim məqaləm dərc olunacaq. Həmin məqalədə bu məqamlara toxunacam.

Deməli, "Yalama" sənədli povesti üzərində işi davam etdirdik. Amma iş elə gətirdi ki, povesti pyesə çevirib, tamaşa kimi hazırlamaq alınmadı. Birlikdə sənədli film çəkmək fikrinə düşdük. Filmin çəkilişi dövründə Rövşən bəy xeyli canlandı. Uzun illər onun efirə, kinoya çıxışı yox idi. Teatrlarda tamaşa hazırlaya bilmirdi. Sonuncu dəfə Sumqayıtda bir tamaşaya quruluş vermişdi.

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu - “Sənət əbədidir, ömür amanat...”

- Premyerasında iştirak etmişdim. "Oğru" tamaşası...

- Bəli. Sumqayıt Teatrında "Oğru" adlı tamaşanı hazırladı.

- "Oğru"dan əvvəl Akademik Milli DramTeatrında"Yaşlı xanımın gəlişi" əsərinə uğurlu quruluş vermişdi.

- Elədir. "Yaşlı xanımın gəlişi" əsəri uzun müddət Akademik Dram Teatrının səhnəsində oynanıldı. Amma sonralar heç bir tamaşa hazırlaya bilmədi."Yalama" sənədli povesti əsasında çəkiləcək filmin çəkilişlərinə başlayanda sanki Rövşən bəyin ikinci nəfəsi açılmışdı. Bir dəfə filmin çəkilişindən qayıdanda Rövşən Almuradlı mənə Ədil İsgəndərovla bağlı olan hadisəni danışdı. Rövşən bəy Ədil İsgəndərovun tələbəsi olub və onun şəxsiyyətinə böyük sevgi ilə yanaşıb. Ədil İsgəndərovla olan yaxınlığı 1975-76-cı illəri əhatə edir.

- Ədil müəllimin ömrünün son illərini.1978-ci ildə vəfat edib.

- Bəli. elədir. Həmin illərdə Rövşən Almuradlı Ədil İsgəndərovdan sənətin sirlərini öyrənmək üçün onunla yaxınlıq edirmiş. Dərsdən sonra Ədil İsgəndərovla birlikdə yol gedirmiş, bəzən isə Ədil müəllim onu evinə qonaq aparırmış. Rövşən bəy deyirdi ki, "Sənətkar və zaman", "Rejissor və aktyor" mövzularında söhbətlər edirdik və bu söhbətlər mənim üçün əsl dərs idi. Rövşən bəy qeyd etmişdi ki, o söhbətlərin fonunda Ədil müəllim mənə, heç kimə danışmadığı bir-iki hadisəni də söyləmişdi. Mən bu söhbəti Rövşən bəyin nəql etdiyi formada diktafona yazdım. Rövşən bəy mənə dedi ki, "Mənim, Ədil İsgəndərova bir əhd borcum var". Beləliklə, mənə danışdığı və sonradan "Sənət əbədidir, ömür amanat" kitabına çevrilən bu hadisə əslində film olmalıydı. Rövşən Almuradlı məndən xahiş etmişdi ki, nəql etdiyi bu hadisəni ssenari formasında yazım. Belə qərara gəldik ki, əvvəlcə bunu sənədli povest halında hazırlayaq. Təbii ki, danışılanlar kifayət etmirdi. Söhbət, 1937-38-ci illərdə Səməd Vurğunun "Vaqif" faciəsinin səhnələşdirilməsindən gedir. Çoxları bunu bilmir ki, ilkin variantda bu əsər faciə olub. Əsərin sonunda Qacar sağ qalırdı, Vaqif öldürülürdü. Həmin zamanda teatrın, cəmiyyətin ziyalılar üçün hansı dövr olduğunu bilirik. "Vaqif" faciəsində məsələnin bu cür qoyuluşu müxtəlif şayiələr yaradır və Mircəfər Bağırovun qulağına çatır. Tamaşanın premyerasından əvvəl keçirilən daxili baxışa Bağırov özü gəlib, iştirak edir. Faktiki olaraq Səməd Vurğun, həm də Ədil İsgəndərov bu baxışdan sonra ya ölümə və ya hansısa yüksəkliyə qalxacaqdılar. Bunların hər ikisi ola bilərdi.Kitabda bu əhvalatdan bəhs edilib. Eyni zamanda povestdə paralel süjet xətti var. Tamaşanın hazırlıq müddətində NKVD teatrda özünü oranın sahibi kimi aparırdı. "Vaqif" tamaşası səhnədə nümayiş olunanda NKVD-nin kapitanı səhnə arxasında teatrın aktrisasını zorlayır.

- Belə hadisə olub? Ədil müəllimin ailə üzvləri ilə mənim yaxın münasibətim var. "Vaqif" tamaşası, ümumiyyətlə o dövrlə bağlı məlumatlıyam. Amma belə hadisənin olduğunu ilk dəfə sizdən eşidirəm.

- Mən də ilk dəfə Rövşən bəydən eşitdim. Həmin aktrisanın adını dəyişdik. Povestdə ona şərti ad qoymuşuq.

- Tanıdığımız aktrisalardan olub?

- Hər halda mən onun adını dəyişdim və povestə müxtəlif detallar əlavə olundu. Buna görə qələmə aldığım kitab sənədli povest oldu. Kitabda həmçinin Mehdixan Vəkilov, İsmayıl Şıxlı, Vidadi Babanlı və Süleyman Rüstəmin xatirələrindən istifadə olunub.

- Mirzə İbrahimovun xatirələrinə istinad olunmayıb? Çünki Ədil İsgəndərovun yaxın dostlarından biri də Mirzə İbrahimov olub.

- Yox. Bilirsiniz, mənə lazım olan bu hadisəyə aid onda heç nə tapmadım. Burada xırda epizod bütöv bir dövrün ruhunu özündə daşıyan əsərə çevrilmək cəhdiydi. Əsərdə bir neçə paralel xətlər var. Zorlanmış o qızın, 18-19 yaşında olan gənc aktrisanın taleyi Səməd Vurğun və Ədil İsgəndərovun taleyi ilə axıra qədər paralel gedir. Finalda onlara kəsiləcək cəzanı kimsəsiz gənc qız, aktrisa ödəyir.

- O aktrisa sonralar teatrda qalıb? Yaşayıb, yaradıb? Həmin aktrisanın kimliyini bilmək istərdim.

- Təəssüf ki, aktrisanın kimliyini deyə bilmərəm. Çünki Rövşən bəyə söz vermişəm. Rövşən bəy sağ olsaydı, özü ilə danışıb, icazəsini alıb, bəlkə də demək olardı. Amma indi heç cür deyə bilmərəm. Çünki bu mənim yox, Rövşən Almuradlının sirridir. Hər halda o aktrisanın sonu əsərdə bilinmir. Mən kitabı çox qısa müddətdə yazdım. Azərbaycan Milli Kitabxanası və Dövlət Teatr Muzeyinin əməkdaşları mənə çox kömək oldular. Onlara təşəkkürümü bildirirəm.

Rövşən Almuradlının Ədil İsgəndərova olan əhd borcu - “Sənət əbədidir, ömür amanat...”

- Ədil İsgəndərovun ailə üzvlərindən heç nə soruşmadınız.

-Mən düşünürəm ki, ailəsində o məlumat yoxdur. Çünki orada elə detallar var ki, Rövşən bəyin özünün danışması belə təəccüblü gəlir. Görünür o dövrdə həqiqətən Ədil İsgəndərovla Rövşən Almuradlının arasında bir yaxınlıq olub və Rövşən Almuradlı bunu yaşatmağa ehtiyac hiss edib. Rövşən bəy bu əhvalatı mənə danışanda soruşdum ki, "Bunu nə etmək istəyirsən?". Dedi ki, "Film çəkmək istəyirəm. Sən ssenarini yaz, mən bir yolunu tapıb, çəkəcəm".Bu, artıq başqa Rövşən Almuradlı idi. Filmin çəkilişi üçün hər şeyə çox hazırdıq. Əsərdən sonra filmin ssenarisi də yazıldı. Rövşən bəy məndən hazır variantın nə zaman bitəcəyini soruşdu və əlavə etdi ki, məsələni təcili həll etmək lazımdır. Həmin gecə səhərə qədər birlikdə çalışdıq və povest üzərində ssenarini yazdıq. Ssenari tam hazır olmuşdu və film çəkiliş mərhələsindəydi. Artıq aktyorları müzakirə edirdik.

- Filmdə hansı aktyorları çəkmək istəyirdi?

- Kimlərin çəkiləcəyini Rövşən bəy bilirdi. “Yalama”povesti əsasında çəkilən filmin çəkilişlərinə müdaxilə edə bilirdim. Çünki “Yalama”da bazasından prosesin daxilindəydim. Burada isə Rövşən bəyin nəzərində bir nəfər var idi. Həmin aktyoru dəvət etməyi nəzərdə tutmuşdu.

- Ədil İsgəndərov və Səməd Vurğunun obrazını kim ifa edəcəkdi?

- Bilmirəm. Çünki qərar mərhələsi deyildi. Rövşən bəyin vəfatı ilə film başlamadan yarımçıq qaldı. Gələcəkdə filmi kim çəkəcək? Necə çəkəcək?... Hələlik sual altındadır. Bir məsələni də qeyd edim ki, bu kitabda qeyri-sənədli ştrixlər, əlavələr yalnız o gənc aktrisanın həyatı ilə bağlıdır. İkincisi o gənc qızın faciəsinin fonunda bizim böyük ziyalılarımızın, sənət adamlarımızın faciəsi daha güclü görsənir.

- Bəs o dövrdə teatrda çalışan aktyorlar bu hadisəni bilib? Rövşən Almuradlı bununla bağlı nəsə demişdi?

- Yox. Aktyorlar və teatrda çalışan qeyri insanların bu hadisədən xəbərləri olmayıb. Bunu yalnız Səməd Vurğun və Ədil İsgəndərov bilib.

- Bəs necə olub ki, Ədil İsgəndərov bu hadisəni üçüncü adama - yəni Rövşən Almuradlıya danışıb?

- Çox güman ki, hansısa məqamda söhbətlərinin mövzusu fonunda Ədil İsgəndərov bu hadisəni yenidən xatırlayıb və danışmaq zərurəti hiss edib.

-Arif müəllim, indi filmi kim çəkəcək?

- Mənim düşüncəmdə bir neçə məsələlər var. Amma filmin ssenarisi Mədəniyyət Nazirliyində təsdiq olunmalıdır. Yalnız o halda bu filmin çəkilişləri mümkün ola bilər. “Yalama” filmini ekranlaşdıranda bütün məsələləri özümüz həll etmişdik.

- “Yalama” sənədli povesti Cumhuriyyət dövründən bəhs edir.

- Bəli. 1920-ci ilin Yalama döyüşündən bəhs edən sənədli povestdir. İndiyədək həmin döyüş haqqında yazılan məlumatlarda 1920-ci ildə “Qırmızı Ordu” Azərbaycanı işğal etməyə gələndə bizim döyüşçülərin könüllü surətdə əsir düşdükləri qeyd olunurdu. Amma əslində hadisə belə olub ki, orada döyüş olub. Qarnizonun 350 nəfər əsgəri döyüşərək, həlak olub və onların hamısını bir məzara gömərək, dəfn ediblər.

- Arif müəllim, səmimi qəbula və ətraflı məlumata görə sağ olun. Növbədə hansı əsər var? Hazırda hansısa kitab və ya ssenari üzərində çalışırsınızmı?

- Görkəmli yazıçı İsmayıl Şıxlının 100 illik yubileyi münasibətilə “Ölən dünyam” adlı qısametrajlı film ssenarisi yazmışdım. Amma sonradan ssenari daha geniş formada hazırlandı və "ARB Aran"ın ssenari əsasında bədii-sənədli film çəkməyə başlayıb. Filmdə baş rolu Nəsrin Cavadzadə ifa edib. Qeyd edim ki, Nəsrin Cavadzadə bu filmdə çəkilməyə məmnuniyyətlə razılıq verdi.

- Filmin adı necə olacaq?

- Hələlik dəqiq ad yoxdur. Filmin adının necə olacağı finaldan asılıdır.

- Filmdə digər rolları hansı aktyorlar oynayacaq?

- Filmdə cəmi iki aktyor çəkilib. Nəsrin Cavadzadə və Fərrux Şıxlı.

- İsmayıl Şıxlının oğlu?

- Bəli. İsmayıl Şıxlının kiçik oğlu Fərrux Şıxlı bu filmdə rol alıb.

Daha sonra 1920-ci ildə Gəncədə baş verən hadisələrə, konkret Gəncə üsyanına həsr olunan əsər yazmağa hazırlaşıram. Materialları toplayıram. 1920-ci illərdə bolşeviklərə qarşı ən böyük üsyan Gəncədə olub. Daha sonra Qarabağ və Balakəndə davam edib.

- Bu ssenari əsasında da film çəkiləcək?

- Çox güman ki. Əvvəlcə sənədli povest yazılacaq, sonra film ssenarisi və sonda sənədli film çəkiləcək.

- Sizdə yaradıcılıq prosesi bu şəkildə davam edir...

- Bəli. Bu mexanizmlə getmək istəyirik. Povesti ərsəyə gətirmək üçün, Azərbaycan, Gürcüstan, Rusiya və Türkiyənin arxivlərində çalışıram. İnşallah, Allah qismət eləsə görüləcək işlər çoxdur. Ömür azaldıqca, etmək istədiyin işlərin sayı çoxalır və hansına zaman ayıracağını bilmirsən.

- İnşallah. Allah köməyiniz olsun. Arzularınız yarı yolda qalmasın!

Ülviyyə Həsənqızı