Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi, rejissor, Əməkdar İncəsənət xadimi Cəmil Fərəcov Azərbaycanda yaşayan malakanlar haqqında sənədli filmin çəkilişlərinə start verib.

Open.az Azərbaycan Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinə istinadən xəbər verir ki, “Salnamə”, “Yaddaş”, “Mozalan”, “Telefilm”, “Azərbaycanfilm” studiyalarında 50-yə yaxın sənədli film (“Mikayıl Abdullayev"(1972), "Azərbaycan məktəbi yüksəlişdə" (1972), "Azərbaycan və Nobel qardaşları" (1991) “Mən Bakını sevirəm» (2014) və s.) çəkən rejissor, hər zaman müxtəlif mövzulara müraciət edib.

Cəmil Fərəcov bildirib ki, növbəti dəfə müraciət edəcəyi mövzu ümumiyyətlə Azərbaycanda yaşayan azsaylı xalqlardan hər hansı birinə həsr edilməli idi-udin, avar, saxur və b. ancaq o, malakanları seçib: “Ola bilsin ki, malakanlar haqqında çox film çəkilib, ancaq nəzərə alsaq ki, onlar ildən-ilə azalır, o zaman düşündüm ki, yenidən bu mövzuya müraciət etmək lazımdır. Bir rejissor kimi qərarımı verdikdən sonra çəkiliş qrupu ilə birgə İsmayıllı rayonunun İvanovka Gədəbəy rayonunun Novosaratovka kəndlərində olduq”.

Qeyd edək ki, İsmayıllı rayonunun İvanovka kəndində bir vaxtlar Rusiyadan köçüb gəlmiş malakanlar nəslinin davamçıları yaşayır. Ümumiyyətlə isə Azərbaycanda təqribən malakan icmalarının bütün üzvlərinin ümumi sayı 500 nəfərə qədərdir. Malakanlar Gədəbəy rayonunda bir əsrdən çoxdur məskən salıblar.

Rejissor qeyd edib ki, Novosaratovka kəndində bir neçə malakan ailəsi var ki, hazırda da öz adət-ənənələrini qoruyub saxlayırlar: “Xatırladım ki, malakanlar Xristianlığın provoslav qolunun sektalarından biri kimi XVIII əsrin ikinci yarısında Rusiyada yaranıb. Onlar kilsəni və keşişləri inkar edir, evlərdə ibadət mərasimləri təşkil edirlər. Malakan icmasına qocalar və ya seçilmiş şəxslər başçılıq edir. Ən maraqlısı isə odur ki, malakanlar donuz əti yemir, içki içmirlər. Hətta Azərbaycan dili və mədəniyyətini yerli sakinlərdən heç də az mənimsəməyiblər.Çox təəssüf ki, artıq gənc nəsil malakanlar kənddən şəhərə üz tutur, çox vaxt geri qayıtmırlar. Yaşlı nəsil isə kəndinə bağlıdır, adət-ənənəsini yaşatmaqda israrlıdır. Düşünürəm ki, gənc nəsil geri qayıtmazsa, bəlkə yaxın 20 ildə malakanlar nəsli bu kəndlərdə tükənə bilər. Bu kəndlərdə maraqlı insanlarla tanış oldum. Ssenariyə əsasən onlardan biri tarixi danışacaq, ümumiyyətlə film canlı portret obrazlar üzərində qurulacaq. Düşünürəm ki, malakanlara həsr edilmiş filmlər hər dəfə dəyişik şəkildə lentə alınıb. Hər rejissorun mövzuya baxışı fərqli olub. Bu baxımdan mən də fəqrli yanaşma etməyi düşünürəm. Ola bilsin ki, çəkiliş vaxtı film üçün düşündüyümüz ssenari üçün əlavələr və ya ixtisarlar da olsun. İnanıram ki, tamaşaçıların marağına səbəb olan sənədli bir film ortaya qoya biləcəyik”.

Qeyd edək ki, “Salnamə” studiyasında Mədəniyyət Nazirliyinin sifarişi ilə istehsalata buraxılan filmin çəkilişləri sentyabr ayında başlayacaq.