“Xoşbəxt aktyorlardanam ki, savadlı alimlərdən, xüsusilə də Əli Fəhmidən Nəsimini öyrənmişəm".

Bu fikirləri ötən gün Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə, böyük mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə keçirilən tədbirdə xalq artisti, Azərbaycan kinosunun canlı əfsanəsi Rasim Balayev deyib.

Rasim Balayev bildirib ki, Nəsimi kimi tanınmaq və yadda qalmaq hər bir sənətkara fəxr ola bilərdi. Amma bu xoşbəxtlik məhz onun payına düşüb: "Biz Nəsiminin şəklini görməmişdik, xatirələr oxumamışdıq. Onun poeziyasından, fəlsəfəsindən çıxış edərək obraz üzərində işlədim. Bu film Azərbaycan kinematoqrafiyasının uğuru idi. İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev kimi böyük aktyorlar ilə çəkiliş meydanında rastlaşanda ayaqlarım əsirdi. Bir aktyor kimi Nəsiminin geniş kütləyə tanıdılmasında xidmətim olubsa, xoşbəxtəm”.

Ülviyyə Həsənqızı