“İllərlə kitab çıxartmayan adamam. Çünki mən yazılarımı ləng çap edirəm. Amma görürsünüz ki, birdən-birə 3 kitabımı dərc etdirdim. İnşallah, balaca oxucularım üçün yazdığım "Gəl, dost olaq qurbağa" kitabım da yoldadır. Həmçinin filmlərə və teatr tamaşalarına, hətta baş tutmayan film və tamaşalara yazdığım şeirləri bir araya yığıb, kitab şəklində çap etdirməyi düşünürəm.”

Bu fikirləri ötən gün “LİBRAFF Park Akademiya” kitab mağazasında oxucuları ilə görüşən görkəmli şair, yazıçı-kinodramaturq Ramiz Rövşən deyib.

Yenicə çapdan çıxmış “Sevgi açarı”, “Gizlənmişəm, tap məni” və “Göyərçinim, gəl görüm” kitablarının imza gününü keçirən Ramiz Rövşən illər ötdükcə insanın zahirində dəyişikliyin olduğunu dedi: “İnsanda zahirən çox şeylər dəyişir. Daxilən insan eyni situasiyalarda eyni insandır. Sevmək nədir? Sevgi onu özün üçün yox, özünü onun üçün bilməkdir. Sevmək budur. Sevgidə eqoizm varsa o sevgi deyil. Sevməkçün bəhanələr çoxdur. Təki sevən ürək olsun.” Sevgi dolu fikirlərini oxucularına çatdıran Ramiz Rövşən əlavə etdi ki, “Sevgi açarı” kitabında 100 şeir, tərcümələr və “Xəyanət” adlı kinopovest yer alıb.

Ramiz Rövşən şairin vətəninin təkcə yaşadığı torpaq olmadığını deyərək əlavə etdi ki: “Şairin torpağı, vətəni təkcə yaşadığı məkan deyil. Şairin vətəni, həm onun ana dilidir. Uşaqlarımıza təkcə bizim torpağımızı, dənizimizi yox, həm də bizim dilimizi sevdirmək lazımdır.” söyləyən böyük şair Ramiz Rövşən kitablarını əldə edən bütün oxuculara imza payını hədiyyə etdi.

Ülviyyə Həsənqızı