“Yenicə çapdan çıxan 3 kitabımdan sonra növbəti kitab haqqında düşünürəm. Bu dəfəki kitabımda filmlərə və tamaşalara yazdığım şeirlər toplanacaq. Hazırda həmin kitabın üzərində işləyirəm.”

Bu fikirləri Open.az -a özəl açıqlamasında Azərbaycanın görkəmli şairi, yazıçı-kinodramaturq Ramiz Rövşən deyib.

Ramiz Rövşən film və tamaşalara yazdığı şeirlərinin toplusunu nəşr etdirəcəyini və bu siyahıya baş tutmayan kino və teatr əsərlərinə yazdığı şeir nümunələrinin də daxil ediləcəyini bildirib: “Növbəti kitabda bir zamanlar film və tamaşalara yazılan amma baş tutmayan, sonradan dərc olunmayan şeirlərim yer alacaq. Məsələn, bir zamanlar gözəl bir tamaşamız var idi. Görkəmli bəstəkarımız Vasif Adıgözəlovla birlikdə Musiqili Komediya Teatrı üçün operetta yazmışdıq. Adı da belə idi. “Bu meydan, bu şeytan”. Hindistan həyatından bəhs edən operettaydı. Həmin operetta cəmi bir dəfə nümayiş olundu. Çox maraqlı əsər alınmışdı. Operettada polis rəisi obrazını Nəsibə Zeynalova ifa etmişdi. Tamaşanın rejissoru mənim çox sevdiyim, əziz dostum, böyük sənətkar və rejissor Vaqif İbrahimoğlu idi. O zamanlar Vaqif İbrahimoğlu Musiqili Komediya Teatrının baş rejissoru kimi çalışırdı. Musiqili operettanın librettosunu mən yazdım, Vasif Adıgözəlov isə musiqisini bəstələdi. Amma təəssüf ki, tamaşa cəmi bir dəfə nümayiş olundu. Orada bir kasıbın mahnısı var idi. Şeir beləydi.

Bu dünyanın zatı qırıq, doğru nədir, əyri nədir,

Əynim, başım cırıq-cırıq bəzənməyin xeyri nədir

Dünya mənə əl vermədi, ağac əkdim bar vermədi,

Kölgəsində yer vermədi, uzanmağın xeyri nədir

Yenə gələr yanvar ayı, şaxta müftə, qar havayı,

Gündə yanıb, bütün yayı qızınmağın xeyri nədir

Bu şeirin də maraqlı tarixçəsi var. Belə ki, tamaşaya birinci baxışdan sonra Vaqif İbrahimoğlu mənə zəng edib dedi ki: “Şeirdə yazmısan ki, yanvar ayında qar yağır, şaxta olur. Hindistana yanvarda qar yağır?” Deməli, bu söhbətin üstündən illər ötdü... Ötən əsrin 1990-cı illərin sonu, yanvar ayı idi. Bir də gördüm rəhmətlik Vaqif İbrahimoğlu mənə zəng edir. Telefonu açdım. Vaqif dedi: “ Xəbərlərə baxırsan?” “Yox” deyə cavab verdim. “Vaqif isə, Onda bax. Hindistana qar yağır...”

Bu maraqlı, yaddaqalan, kövrək xatirədən sonra bu nəticəyə gəlmək olar ki, “Şairin sözü ilə ehtiyatlı olmaq lazımdır”.

Ülviyyə Həsənqızı