"Rafael Hüseynov Azərbaycanın görkəmli şəxsiyyətlərinin emosional ensiklopediyasını yaradıb. O, təkcə jurnalist olmayıb. Həm də mənim dayıma oğulluq edib, onun üçün yarpaq kimi əsib".

Open.az xəbər verir ki, bu fikirləri görkəmli xanəndə, muğam ustadı Hacıbaba Hüseynovun 100 illik yubileyi münasibətilə təşkil edilən anma mərasimində tanınmış teatrşünas, əməkdar incəsənət xadimi Aydın Talıbzadə deyib. Onun sözlərinə görə, akademik Rafael Hüseynov muğam ustadının yubileyi münasibətilə yeni nəşr hazırlayıb.

Aydın Talıbzadə xalq artisti Hacıbaba Hüseynovun 100 illik yubileyinin qeyd olunması haqqında sərəncam imzaladığına görə Prezident İlham Əliyevə minnətdarlığını bildirib.

2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edildiyini deyən Aydın Talıbzadə əlavə edib ki, dövlət başçısının sərəncamları ilə Nəsiminin, Cəlil Məmmədquluzadənin, Cəfər Cabbarlı və bir sıra görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin yubileyləri qeyd ediləcək.

"Bu yubileylər sırasında mənim dayım, Hacıbaba Hüseynovun da yubileyinin keçirilməsi bizi çox sevindirir. Fürsətdən istifadə edib, Prezident İlham Əliyevə və Mədəniyyət nazirliyinə təşəkkür edirəm."

Qeyd edək ki, ustad xanəndə, xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş yubiley tədbiri 2019-cu il oktyabrın 23-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Ülviyyə Həsənqızı