Akademik Milli Dram Teatrının gənc və istedadlı aktrisası Rada Nəsibova yeni seriala çəkilir.

Open.az xəbər verir ki, çəkilişləri davam edən serial “Dədə malı” adlanır.

ARB kanalının ekranlaşdırdığı komediya janrında çəkilən serialın nümayişi yay aylarında olacaq.

Həftənin cümə günləri saat 20.45-də yayımlanacaq serialda rol alan Rada Nəsibova ifa etdiyi obrazın maraqlı çalarlarının oldugunu bildirib: “"Dədə malı” serialında iki qardaşın atalarının ölümündən sonra kəndə qayıtmalarından bəhs olunur. Ataları dünyasını dəyişdikdən sonra kəndə qayıtmağa məcbur olan iki qardaşın məqsədi atalarından qalmış mirası bölməkdir. Beləliklə iki qardaş dədə malı üzərində mübarizəyə başlayır. Amma ataları dünyasını dəyişməzdən əvvəl şərtlər yazıb. Bütün mal-mülk vəsiyyətnaməyə əsasən yazılan şərtləri düzgün yerinə yetirən qardaşa çatacaq. Serialda iki qardaşdan birinin xanımı, Qumral rolunu ifa edirəm. Qumral, hələ indiyədək oynamadığım obraz tipidir. Belə ki, Qumralın övladı olmur. Hamilə qalmaq istəyən gəlinin müalicə məqsədi ilə qəbul etdiyi dərmanlar, ərinin qəbul etdiyi həblərlə səhv düşür. Beləliklə, filmdə gülünc mənzərə yaşanır. Kişidə qadın hormonları baş qaldırır. Qadında isə əksinə. Kişi hərəkətləri, hissləri meydana çıxır. Sonda hamilə qalmağı bacaran Qumralın başına nələrin gələcəyini, serialın sonrakı gedişatının necə davam edəcəyini demək istəmirəm. Bütün ipuclarını tamaşaçıya vermədən onu deyə bilərəm ki, hadisələrin gedişatı tamaşaçılar üçün maraqlı olacaq”.

O, serialın çəkilişlərinin Xaçmazın Qıraqlı kəndində aparıldığını da əlavə edib.

Qeyd edək ki, “Dədə malı” serialının ssenari müəllifləri Elsevər Camal və Azər Səlimli, quruluşçu rejissoru Vüsal Məmmədov, prodüsseri Şahin Yusifovdur.

Serialın layihə rəhbəri, ARB Günəş Televiziyasının direktoru Məhsim Məhsimovdur.

“Dədə malı” komediya serialında Əməkdar artist Əzizağa Əzizov, Rada Nəsibova, Elsevər Camal, Nəzakət Məmmədli, Coşqun Viləş, Gülmira Fərzəliyeva və başqaları rol alıb.

12 seriyadan ibarət olan serialın quruluşçu operatoru Mehdi Yaqubovdur.

“Dədə malı” serialının ekranlaşıdırlmasının əsas məqsədi, gənclərin dədə-baba yurdlarını tərk etməməsi və ata ocağına qayıtması mesajını cəmiyyətə təlqin etməkdir.

Heç kim ata-baba yurduna, ocağına arxa çevirməsin və zamanında doğma torpaqlarına qayıda bilsin. Yeni serial bu fikri tamaşaçıya çatdıracaq.

Ülviyyə Həsənqızı