AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda tanınmış islamşünas Sədrəddin Bəlağinin “Quran hekayətləri” kitabı çapdan çıxıb.

Open.az xəbər verir ki, əsəri farscadan dilimizə tərcümə edən AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, kitabı tərtib edən və nəşrə hazırlayan Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur. Nəşrin elmi redaktoru həmin şöbənin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilova, tərcümə işinin redaktoru Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlıdır. Kitabın korrektorları Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin digər əməkdaşı, böyük elmi işçi Sona Cabbarzadə və Sevinc Rzayevadır.

İslam alimi Sədrəddin Bəlaği bu əsərini müqəddəs “Quran”dakı bir sıra mətləblərə yığcam şəkildə, sadə dillə aydınlıq gətirmək məqsədilə qələmə alıb. Kitab iki hissədən ibarətdir. Müəllif birinci hissədə peyğəmbərlərin başlarına gələn əhvalatları yüksək ustalıqla, təsirli hekayətlər şəklində nəql edib. Hər hekayətin başlanğıcında onun “Qurani-Kərim”in hansı surəsindən götürüldüyü qeyd olunub. Kitabın “Lüğət” başlıqlı ikinci hissəsində “Quran”da adları çəkilmiş peyğəmbərlər, hekayələrdəki ayrı-ayrı surətlər, dini məfhum və anlayışların mahiyyəti haqqında məlumatlar və “Quran”ın bir çox ayələrinin izahları verilib.

Sədrəddin Bəlaği kitabının ön sözündə qeyd edib ki, bəşər övladının enişli-yoxuşlu həyatını əks etdirən bu dəyərli və ibrətli hekayələr bugünkü insanların da həyat yoluna işıq salmalı, onlar üçün əvəzsiz örnək olmalıdır. (AzərTac)