Xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı kollektivi Albaniyanın Elbasan şəhərində keçirilən XXI ənənəvi “Skampa -2019” Beynəlxalq Müasir Teatr Festivalında iştirak edib.

Open.az xəbər verir ki, albaniyalı rejissor Adonis Filippinin bədii rəhbərliyi ilə ərsəyə gələn festival çərçivəsində müxtəlif seminarlar, tamaşaların təqdimatı, konsertlər, sərgilər, görüşlərin təşkili, habelə mədəniyyətlərarası dialoqun qurulması, beynəlxalq səhnə təcrübələrinin qarşılıqlı mübadilə ilə bağlı geniş müzakirələr aparılıb.

Oktyabrın 10-da start götürən Festival oktyabrın 17-də başa çatacaq. Festivalda İtaliya, ABŞ, Rumıniya, Polşa, Macarıstan, Kosova, Şimali Makedoniya və dünyanın bir çox müxtəlif nüfuzlu teatrlarının kollektivləri iştirak edib.

Akademik Musiqili Teatr Festivalda XX əsr eksperimental ədəbiyyatın aparıcı müəlliflərindən biri və Absurd Teatrın yaradıcılarından sayılan Semyuel Bekketin “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı əsəri böyük uğurla nümayiş etdirib.

Xalq artisti, bəstəkar Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən "Qodonun intizarında" tamaşasının bədii rəhbəri, Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar - Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa ediblər.

Festivaldan uğurla geri dönən Akademik Musiqili Teatrının kollektivi Open.az-a özəl açıqlamaları və səfər təəssüratlarını söyləyiblər.

Əməkdar artist Əzizağa Əzizov

"Səfər təəssüratım yüksək səviyyədədir. Yaşım 60-a çatıb. Keçmiş SSRİ ərazisində İranda, Türkiyədə qastrol səfərlərində olmuşam. Opera və Balet Teatrının həmçinin öz Teatrımızın kollektivi ilə səfər etmədiyim yer qalmayıb. Amma bu səfərimiz kimisi olmayıb. Doğrudan da çox yüksək səviyyədə tamaşamızı nümayiş etdirdik. Bizi çox gözəl qarşıladılar. Kollektivimizin bütün nümayəndələri ilə gözəl vaxt keçirdik. Əliqismət müəllim başda olmaqla hara gedirdiksə, yüksək səviyyədə qarşılanırdıq. Direktorumuzdan çox razıyam. Bu uğur Musiqili Teatrın qələbəsidir, uğurudur. Festival günlərində Elbasanda İtaliya, Almaniya, Macarıstan, Polşa və s. teatrların tamaşalarına baxdıq. Təbii ki, oktyabrın 17-dək davam edəcək Festivalda bütün tamaşalara baxa bilmədik. Amma sizə deyim ki, bizim tamaşamızdan yüksək səviyyədəydi. Orada olan tamaşaçılar, qonaqların özləri bunu bizə deyirdilər".

Akademik Musiqili Teatrın Festival təəssüratları - FOTO-VİDEO

Əməkdar artist Şövqi Hüseynov

"Albaniyada keçirilən Festivalda Azərbaycan Teatrı və Akademik Musiqili Teatr olaraq iştirakımız çox önəmli hadisəydi. Ona görə ki, Albaniyada indiyədək Azərbaycan Teatrı, Azərbaycan dili, Azərbaycan musiqisi təmsil olunmayıb. Bu səbəbdən çox sevinirəm ki, bizim teatr o ilkə imza atıb. Tamaşamız çox uğurla nümayiş olundu. Albaniyanın teatr ictimaiyyəti, incəsənət xadimləri, Festivalda iştirak edən digər ölkələr - Amerika, Avstriya, Polşa, Rumıniya, Türkiyədən gələn sənət adamları bizimlə yoldaşlıq etmək, ünsiyyət qurmaq istəyirdilər. Bizim üçün sevindirici haldır ki, tamaşamız haqqında yüksək fikirlər bildirdilər. Buna görə çox sevinirəm və ümid edirəm ki, bizim uğurlarımız hələ qarşıdadır. Neçə-neçə ölkələrdə Azərbaycan Dövlət Akademik Musiqili Teatrımızı, azərbaycan dilimizi, mədəniyyətimizi dəfələrlə təmsil edəcəyik".

Akademik Musiqili Teatrın Festival təəssüratları - FOTO-VİDEO

Aktyor Əliməmməd Novruzov

"Festivaldan gözəl təəssüratla qayıtmışıq. Akademik Musiqili Teatr Avropaya qastrol etdi. Bunun özü gözəl təəssüratdır. Mən fəxr edirəm ki, bu teatrda çalışıram. Semyuel Bekketin “Qodonun intizarında” Poçço obrazını ifa edirəm. Festivalda bizim tamaşamız çox seçildi. Albaniya səhnəsində bu tamaşanı oynamaq gözəl hissdir. Düzünü deyim ki, Festivalda olduğumuz müddətdə başqa ölkələrin teatrlarının tamaşalarına da baxdıq. Amma bizim tamaşa özünün quruluş həlli, aktyor oyunu və musiqisi ilə çox fərqlənirdi. Bu fikirləri bizə tamaşamız bitəndən sonra Festivalda iştirak edən tamaşaçılar, qonaqlar deyirdilər. Baxmayaraq ki, biz tamaşamızı azərbaycan dilində ifa edirdik. Amma tamaşa ingilis dilində subtitrlərlə təqdim olundu. Tamaşanı seyr edən, amma ingilis dilini başa düşməyən tamaşaçılar belə bizim oyunumuzu maraqla izləyirdi. Tamaşanın sonunda olan alqışlardan anladıq ki, bizim oyunumuz onlara yüksək təsir bağışlayıb. Türkiyədən gəlmiş tanınmış aktyor və rejissor Tamer Levend bizim oyunumuza, aktyorlarımızın monoloqları, dialoqlarına, plastikasına heyran qalmışdı. Tamer Levend “Mən indiyədək öz Opera Teatrımda belə səslər, belə oyunlar görməmişəm" dedi. Hətta məni oxutdurdu və onu özünün sosial şəbəkə hesabından paylaşdı. Bizim tamaşamıza, aktyorlarımıza heyranlığını bildirdi. Bir aktyor olaraq mənim üçün böyük bir şərəfdir ki, Azərbaycan Teatrını olaraq özümüzü Avropada layiqli şəkildə göstərə bildik".

Akademik Musiqili Teatrın Festival təəssüratları - FOTO-VİDEO

Aktyor Hüseyn Əlili

"Bildiyiniz kimi Albaniyanın Elbasan şəhərində keçirilən XXI Beynəlxalq “Skampa -2019” Müasir Teatr Festivalında iştirak etmişik. Səfər təəssüratlarım çox gözəldir. Festivalda S. Bekketin "Qodonun intizarında" tamaşasını oynadıq və mən də orada Laki obrazını canlandırıram.Tamaşamız uğurla keçdi və tamaşaçılar bizi çox gözəl qarşıladılar. Bilirsiniz ki, S.Bekketin bu əsəri bir çox ölkələrin teatrlarında oynanılıb. Bizim ifamızda bu əsəri tamaşaçılar böyük sevgi və rəğbətlə qarşıladılar. Tamaşaçıların alqışları və tamaşadan sonra insanların bizim aktyor oyunumuz haqqında söylədikləri xoş və isti sözlər buna sübutdur. Xüsusilə məşhur Türk aktyoru Tamer Levendin bizim teatr barədə söylədiyi xoş sözlər və instagram səhifəsində bizim haqqımızda danışması, aktyorumuz Əliməmməd Novruzovun mahnı ifasını paylaşması çox qürurverici hadisədir. Mən, başda Əliqismət müəllim olmaqla kollektivimizi bu uğur münasibəti ilə təbrik edirəm".

15 yaşlı aktyor Hüseyn Nağıyev

"Səfərimiz çox yüksək səviyyədə keçdi. Ölkəmizi çox qürurla təmsil etdik. Gözlədiyimizdən də artıq qarşılandıq. Tamaşamızı uğurla nümayiş etdirdik".

Akademik Musiqili Teatrın Festival təəssüratları - FOTO-VİDEO

Qeyd edək ki, Akademik Musiqili Teatrın uğurlu tamaşası olan "Qodonun intizarında" Albaniyadan sonra dekabrda İran İslam Respublikasının Təbriz şəhərində keçiriləcək ikinci Alef Beynəlxalq Teatr Festivalında da nümayiş olunacaq.

ÜLVİYYƏ HƏSƏNQIZI