Azərbaycan Milli Kulinariya Mərkəzinin baş direktoru Tahir Əmiraslanov və Turan restoranının rəhbərliyi ilə birgə hazırlanmış “Azərbaycan mətbəxi “adlı kitabın təqdimat mərasimi keçirilib.

Open.az xəbər verir ki, kitabda Qacarlar dövrünün bərpa edilmiş xörəkləri, Azərbaycan mətbəx mədəniyyətindən bəhs olunur.

Tədbirdə Millət vəkilləri, Mədəniyyət Nazirliyinin nümayəndələri, tanınmış ictimai xadimlər və KİV nümayəndələri iştirak ediblər.

Tədbirə giriş sözü ilə başlayan Azərbaycan Milli Kulinariya mərkəzinin rəhbəri Tahir Əmiraslanov qonaqları salamlayaraq, kitab haqqında tədbir iştirakçılarına məlumat verib. O, Azərbaycan mətbəxinin 3 hissədən - Saray, ordu və xalq mətbəxindən ibarət olduğunu və bu da Azərbaycanın min illik dövlətçilik tarixini göstərən bir sübut olduğunu bildirib.

"Kitab Qacarlar nəslindən olan, Təbrizin varisi Nadir Mirzə Qacar tərəfindən səliqəli ruqqi xətti ilə yazılmışdır. Əsərin yazılmasında Bərdə şəhərində zadəgan ailəsindən olan həyat yoldaşının da böyük köməyi olub. "Azərbaycan mətbəxi" kitabı Əlyazmalar İnstitutunun köməyi ilə tərcümə edilib. Lakin kitabda xörəklər haqqında bəhs olunsa da, onların reseptləri yox idi. Və biz 5 il ərzində 203 xörəyin tam hazırlanma qaydasını tədqiq etdikdən sonra kitabı ərsəyə gətirdik. Artıq bu reseptlərdən xanımlarımız və restoranlar asanlıqla istifadə edərək, xörəklər hazırlaya biləcəklər."

Əmiraslanov bundan başqa daha 5 əlyazma olduğunu və tezliklə onların da tərcümə olunacağını deyib. "Onların arasında Şah İsmayılın aşpazının, Şah Abbasın və Nəsrullahın kitabları var ki, işlənib xalqımızın unudulmuş mətbəxini geri qaytaracaq."

T.Əmiraslanov daha sonra kitabın ərsəyə gəlməsində tərcüməçi Rauf Şeyxzamanlıya, əməkdar mədəniyyət işçisi, peşəkar aşbaz Oruc Əliyevə və digər əməyi keçənlərə öz təşəkkürünü bildirib.