Aprelin 19-u Azərbaycanın xalq artisti, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının aparıcı aktyoru Qabil Quliyevin 70 yaşı tamam olur.

Open.az xəbər verir ki, 70 yaşlı görkəmli sənətkar yubileyini səhnədə qeyd edəcək.

"Bu dəqiqələrdə Lerikə gedirik. Bu gün Lerikdə Üzeyir bəy Hacıbəylinin "Olanlardan, keçənlərdən" əsərini oynayacayıq. Uzun illərdir teatrımızın repertuarında olan tamaşanı bu dəfə mənim yubileyimin şərəfinə nümayiş etdirİrik. Qeyd edim ki, bu yaxınlarda "Olanlardan, keçənlərdən" tamaşasının 3000-ci dəfə nümayişi olacaq. Lənkəran Teatrının tarixində ən uzun ömürlü əsərdir. Teatrımızın kollektivi mənim yubileyimi səhnədə qeyd edəcək. 70 yaşım tamam olur. Özümü hər zaman olduğu kimi hiss edirəm. Yeni tamaşalar, maraqlı obrazlar yaratmaq eşqi ilə..." deyən xalq artisti Qabil Quliyev yubileyi münasibətilə yeni əsərin premyerasına hazırlaşdıqlarını da bildirib: "Mar Bayciyevin "Toy şənbə axşamı" əsərini təhvil vermişik. Aprelin 24-də tamaşanın premyerası olacaq. Tamaşa, mənim 70 illik yubileyim münasibətilə hazırlanıb. Həmçinin teatrda bir neçə yeni əsər üzərində yaradıcılıq işi aparırıq. Serb yazıçısı Miodraq Bulatoviçin “Qodo gəldi” əsərinin məşqləri gedir. Tamaşa bu yaxınlarda təhvil veriləcək. Bundan əlavə planda bir neçə əsərlər var. Qismət olsa, ilin sonunadək yeni tamaşalarımızın premyerasını təqdim edəcəyik."

Qeyd edək ki, Qabil Quliyev 1949-cu il aprelin 19-da Cəlilabad rayonunun Tahirli kəndində anadan olub.

1968--ci ildə M.A.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyorluğu" fakültəsində xalq artistləri Əliheydər Ələkbərov və professor Rza Təhmasibin sinfində təhsil alıb.

Tələbəlik illərində Akademik Dövlət Dram Teatrında əvvəlcə səhnə quraşdırıcısı, sonra isə yardımçı aktyor heyətində aktyor kimi çalışıb. 1972-ci ildə institutu bitirdikdən sonra təyinatla onu Sumqayıt Dövlət Musiqili Dram Teatrına göndərsələr də, bu təyinatla razılaşmayıb hərbi xidmətə yollanıb və Moskvada "Mosfilm" kinostudiyasının hərbiləşdirilmiş kino-bazasında xidmət edib. Qabil Quliyev kütləvi səhnələrin çəkilişlərində iştirak edib, kaskadyorluq sənətinin sirlərinə yiyələnib.

Bu yaxınlarda "Sənətkar" medalına layiq görülən xalq artisti Qabil Quliyev 1973 -cü ildən taleyini Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrına bağlayıb.

Xatırladaq ki, Qabil Quliyev xalq artisti, Akademik Milli Dram Teatrının aktyoru Nurəddin Mehdixanlının böyük qardaşıdır.

Ülviyyə Həsənqızı