Mayın 16-sı Azərbaycan Dövlət Pantomima Teatrının 25 yaşı tamam olur.

Open.az xəbər verir ki, bu münasibətlə bu gün saat 19.00-da Gənc Tamaşaçılar Teatrında təntənəli yubiley mərasimi keçiriləcək.

Uzun zamandır bu günə hazırlaşan teatrın yaradıcısı, xalq artisti Bəxtiyar Xanızadə yubuleydə "Sehirli xalat" adlı maraqlı tamaşanı qonaqlara təqdim edəcək.

Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk pantomim teatr olan sənət ocağı, 1994-cü il mayın 16-da Azərbaycan mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi qeydiyyatdan keçib.

Yarandığı gündən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının binasında fəaliyyyət göstərən “Dəli yığıncağı” pantomim teatr-studiyasına 2000-ci ildə Dövlət statusu verilib.

Teatrının əsasını qoyan, onu "yoxdan var edən" fədakar sənət xadimi Bəxtiyar Xanızadədir.

Xalq artisti, görkəmli rejissor Bəxtiyar Xanızadə Pantomima Teatrının bədii rəhbəri və baş rejissoru kimi fəaliyyət göstərir və Azərbaycan teatr tarixində hadisəyə çevrilən tamaşalara quruluş verib.

Mayın 16-sı, yəni bu axşam təşkil ediləcək tamaşanı izləmək üçün tanınmış sənət adamları, aktyorlar, teatrın dostları Mimçilərin ətrafına toplaşacaq.

Ülviyyə Həsənqızı