İyunun 21-də YUĞ Dövlət Teatrında “Mən ağacam” tamaşasının premyerası keçiriləcək.

Open.az xəbər verir ki, Nobel mükafatçısı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada YUĞ Dövlət Teatrının sənətçiləri, Azərbaycan Respublikasının Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov Ləman Mərrih çıxış edəcək. .

Orxan Pamuk çağdaş dövrdə dünyada əsərləri ən çox nəşr olunan və oxunan 10 yazıçıdan biridir. Avropalılar onu “Avropaya roman yazmağı öyrədən yazıçı”, “Türkiyənin Umberto Ekosu” adlandırırlar. Yazıçının şah əsərlərindən olan “Mənim adım Qırmızı” romanı Avropada son qırx ilin ən yaxşı romanı hesab olunur. Müəllifin “ən rəngli və qorxulu romanım” adlandırdığı “Mənim adım Qırmızı” əsəri Osmanlı dövlətində naxış və nəqqaşlıq sənəti haqqında heyrətamiz hekayətdir.

Romanda Osmanlı hökmdarı III Muradın hakimiyyəti dövründə – 1591-ci ilin doqquz qış günü ərzində İstanbulda baş verən hadisələr təsvir edilir. İstanbulda bahalıq və qorxunun yaşandığı bir dövrdə xəttat və nəqqaşlar çay evlərində toplaşır, hekayələrə qulaq asır və əylənirlər. Romanın özünəməxsusluğu ondadır ki, roman qəhrəmanlarının öz dilindən danışılır, belə ki, ölülər və cansız əşyalar belə kitabın hekayəsini öz dilləri ilə danışırlar.

Rejissor Əbdülqəni Əliyev əsərin əsas mətləblərini saxlasa da, romana tamamilə fərqli baxım bucağından yanaşıb. Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.

Tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir.