“Lətifə Əliyevanın yubileyi yeni teatr mövsümündə qeyd olunacaq. Tədbirin rejissoru mənəm. Lətifə xanımın da yubiley tədbirinin olacağından xəbəri var idi. Amma niyə deməyib?... Anlamıram”.

Bu fikirləri Open.az-a özəl açıqlamasında Əməkdar artist, Gənc Tamaşaçılar Teatrının rejissoru, tanınmış aktyor Nicat Kazımov deyib.

Nicat Kazımov xalq artisti Lətifə Əliyevanın Open.az saytına verdiyi müsahibədə, yubileyində onu TXİ-dan başqa heç bir qurumun, xüsusilə də GTT-nın təbrik etmədiyinə münasibət bildirərkən belə deyib.

Nicat Kazımov Lətifə Əliyevanın doğru fikirlər səsləndirmədiyini bildirib: “Lətifə xanımın sizinlə söhbətini oxuyub, çox məəttəl qaldıq. Çünki teatrımızın bütün kollektivi, xüsusilə direktorumuz Naidə xanım, Lətifə Əliyevanı 75 illik yubileyi münasibətilə təbrik edib. Lətifə Əliyevaya deyilib ki, bir-neçə aydan sonra, yəni payız aylarında Teatrımızda onun yubileyi ilə bağlı tədbir olacaq, daha sonra isə özünün iştirakı ilə monotamaşası oynanılacaq. Amma sizinlə söhbətində Lətifə Əliyeva bunların heç birini deməyib. Sadəcə yay ayında, özüdə mövsümün bağlanan vaxtında yubiley tədbiri etmirlər. Mən teatrımızın bütün kollektivinin adından deyirəm ki, Xalq artisti Lətifə Əliyevanı yubileyi münasibətilə ilk olaraq biz təbrik etmişik".

Xatırladaq ki, ömrünün 55 ilini Gənc Tamaşaçılar Teatrına həsr edən, Xalq artisti Lətifə Əliyeva Open.az saytına verdiyi müsahibədə 75 illik yubileyində teatrdan heç kimin onu yada salmadığını bildirmişdi.

Ülviyyə Həsənqızı