İyunun 20-də Mədəniyyət Nazirliyi, Yeni Azərbaycan Partiyası və Azərbaycan Teatr Xadimləri İttifaqının birgə təşkilatçılığı ilə böyük mütəfəkkir şair İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi münasibəti ilə tədbir keçirilib və “Ənəlhəqq” tamaşa-kompozisiyası təqdim olunub.

Open.az xəbər verir ki, Teatr Xadimləri İttifaqında təşkil olunan tədbiri qurumun sədr müavini, Xalq artisti Hacı İsmayılov açaraq iştirakçıları salamlayıb. Bildirilib ki, ölkə başçısının müvafiq sərəncamı ilə elan olunan “Nəsimi ili” çərçivəsində silsilə tədbirlər, sənət təqdimatları keçirilir. Mədəniyyət Nazirliyi ilə YAP arasında mədəni irsimizin təbliği ilə bağlı əməkdaşlıq barədə də məlumat verən H.İsmayılov keçirilən tədbirin bu əməkdaşlığın nümunəsi olduğunu deyib.

YAP Səbail rayon təşkilatının sədri, millət vəkili Şəmsəddin Hacıyev Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2019-cu ili “Nəsimi ili” elan etməsini yüksək qiymətləndilib. Bildirilib ki, 2017-ci ildə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-da Nəsiminin vəfatının 600 illiyinin qeyd olunması ilə o, Azərbaycan şairi kimi bir daha dünyaya təqdim edildi.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev çıxışında vurğulayıb ki, ulu öndər Heydər Əliyevin Azərbaycanın mədəni, ədəbi irsinə diqqət və qayğısı sayəsində 1973-cü ildə Nəsiminin 600 illiyi qeyd edildi, balet bəstələndi, film çəkildi, əsərlər yazıldı və hamımız böyük şairi, onun zəngin irsini daha yaxşı tanıdıq. Nəsimi həm də Azərbaycan dilində ədəbiyyatımızın inkişafına böyük töhfələr verib. Nəsimi deyəndə gözlərimizin qarşısında təkcə şair, mütəfəkkir yox, cəsarətli insan canlanır.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxışında Nəsiminin yaradıcılığı ilə bağlı alimlərin araşdırmaları haqqında mülahizələrini bölüşüb, ədəbiyyat dərsliklərdə yer almayan maraqlı faktları açıqlayıb. Bildirilib ki, Nəsiminin adı Azərbaycan ədəbiyyatına dair kitablara, ədəbiyyat tariximizə rəsmi olaraq 1926-cı ildə daxil edilib. Bu, Salman Mümtazın xidmətidir. Akademik Nəsiminin 600 illik yubileyinin hazırlanması barədə də danışdı. Bildirdi ki, tədbirlər planı Moskvada, Kremldə təsdiq olunurdu deyə, yubiley bir neçə il gecikdi. Nəsimi yeganə Azərbaycan şairi və görkəmli şəxsiyyətidir ki, əlli ildə yubileyi iki dəfə UNESCO-da qeyd edilib.

Xalq artisti Rasim Babayev “Nəsimi” filminin çəkilişindən söz açıb. “Xoşbəxt aktyorlardanam ki, savadlı alimlərdən, xüsusilə də Əli Fəhmidən Nəsimini öyrənmişəm. Biz Nəsiminin şəklini görməmişdik, xatirələr oxumamışdıq. Onun poeziyasından, fəlsəfəsindən çıxış edərək obraz üzərində işlədim. Bu film Azərbaycan kinematoqrafiyasının uğuru idi. İsmayıl Osmanlı, Məmmədrza Şeyxzamanov, Yusif Vəliyev kimi böyük aktyorlar ilə çəkiliş meydanında rastlaşanda ayaqlarım əsirdi. Bir aktyor kimi Nəsiminin geniş kütləyə tanıdılmasında xidmətim olubsa, xoşbəxtəm”.

Çıxışlar başa çatdıqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələrinin iştirakı ilə "Ənəlhəqq" tamaşa-kompozisiyası nümayiş olunub.