“Mayın 15-də 75 yaşım tamam olur. Xudmani qocalığı nəzərə almasaq, ümumi vəziyyətim yaxşıdır. Azərbaycan Dövlət Televiziyasında yeni verilişim başlanacaq. Hazırda həmin verilişin hazırlıq işləri gedir.”

Bu fikirləri Open.az-a açıqlamasında tanınmış kinorejissor, xalq artisti Əbdül Mahmudbəyov deyib. Mayda yubileyini qeyd etməyə hazırlaşan rejissor son dövrlər işlərinin çox olduğunu vurğulayıb.

“Son vaxtlar başım yaman qarışıqdır. Dahi şairimiz Nəsiminin qadasını alaram. Onun 650 illik yubileyi ilə bağlı çoxlu tədbirlər keçirilir. Bütün tədbirlərə də çağırılıram. Çalışıram ki, hamısına gedim, hər birində iştirakım olsun. İmadəddin Nəsimi ilə bağlı hər hansı tədbirdə iştirak etməyi özümə borc bilirəm. Mayda AzTv-də klassik irsimiz, milli mənəvi dəyərlərimiz, əxlaq və mənəviyyatla bağlı yeni verilişimiz başlayacaq”.

Ötən il ölkə başçısının mənzil hədiyyə etdiyi rejissor daha sonra qeyd edib ki, “2018-ci ilin avqustunda Prezident İlham Əliyevin fərmanı ilə xalq artisti adına layiq görüldüm və mənə mənzil hədiyyə olundu. Evlə bağlı xəbəri xeyli vaxt gizlin saxlamışdım. Bu yaxınlarda hamının xəbəri oldu. Bu, mənzil mənə əzizdir. Çünki 60 illik xidmətlərimin nəticəsi olaraq, Prezidentimizin hədiyyəsidir. Çox sağ olsun!”

Xatırladaq ki, Mahmudov Abduləhəd Əlisa oğlu 1944-cü il mayın 15-də Hacıqabul rayonunun Atbulaq kəndində anadan olub.

Ülviyyə Həsənqızı