2019-cu il Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin adı ilə bağlı oldu. Azərbaycanın mədəniyyət və incəsənət xadimləri "Nəsimi ili"nə töhfələrini yaradıqları sənət əsərlərini ilə təqdim etdilər.

"Nəsimi ili"nə əl əməyi, göz nuru ilə töhfə verən el sənətkarlarından biri də Basqalda yaşayan bacarıqlı usta, Azərbaycanın qədim adət-ənənələrini yaşadan Mürşüd Talıbovdur.

Mürşüd Talıbov bacarıqlı kələğayı ustasıdır. 50 ildir Azərbaycanın bu qədim sənətini yaşadan 63 yaşlı el sənətkarı "Nəsimi ili"nə xüsusi hədiyyə bəxş etdi. Kələğayı üzərində İmadəddin Nəsiminin portretini yaratdı.

Kələğayılara xüsusi sevgim olduğuna görə, Mürşüd Talıbovun Bakıda olduğunu eşidəndə çox şad oldum. Ayaqüstü olsa da Basqallı kələğayı ustası ilə görüşmək qərarına gəldim.

İlk sualım da İmadəddin Nəsimin portreti həkk olunan kələğayı ilə bağlı oldu.

Nəsimi kələğayısı

-Müüd usta, Nəsiminin portreti olan kələğayıları necə əldə etmək olar və neçəyə başa gəlir?

- Əvvəlcə onu deyim ki, üzərində dahi şairimizin şəkli olan kələğayılardan qalmayıb. Çünki hazırladıqlarımın hamısını hədiyyə etmişəm. Hədiyyə etdiyimə görə də, maddi dəyər ölçüb-biçməmişəm. Nəsiminin portreti olan kələğayının qiyməti ola bilməz. Ona qiymət biçə bilmərəm. Ona görə də hazırladığım kələğayıları çox hörmətli insanlara hədiyyə etdim. Amma sizə deyim ki, hamıya Nəsimi kələğayısını hədiyyə də etmək olmaz. Bu kələğayını əldə edən insanın Nəsimiyə xüsusi sevgisi olmalıdır, dahi şairin yaradıcılığını anlamalı, başa düşməlidir. Mənə lazımdır ki, kələğayı hədiyyə etdiyim insan Nəsiminin dəyərini bilsin.

- Çox gözəl cavabdır. Təşəkkür edirəm. Sevərək hazırladığınız "Nəsimi kələğayısı" na neçə gün həsr etmisiniz?

- Hardasa 1 həftəyə hazır olub.

- Neçəsini hazırlayıb, hədiyyə etmisiniz?

- İl ərzində 15-20 ədəd "Nəsimi kələğayısı" hazırlamışam.

Nəsimi kələğayısı

- Kələğayıda neçə rəngdən istifadə olunub?

- Ən azı 5-6 rəngdən istifadə etmişəm.

Nəsimi kələğayısı

-Təbii rənglərdən istifadə etmisiniz?

- Bəli. İstifadə etdiyim boyaların hamısı təbiidir. Süni boya ilə elə kələğayını hazırlamaq olmaz. Boya süni olanda yuyulanda gedə bilər. Bizim kələğayılarımızda boyaların hamısı təbii yolla alınır. Biz Basqalda meşənin içində çalışırıq. Meşədə olan ağacların qabığından, yarparlarından, meyvəsindən təbii boyalar hazırlayırıq.

- Müüd usta, tək çalışırsınız, yoxsa köməkçiniz var?

- Yox, tək çalışmıram. Oğlum, Əlişahla birlikdə işləyirik. Oğlum mənə çox kömək olur.

- Evinizdə xüsusi olaraq hazırlayıb, saxladığınız kələğayılar var?

- Yox, demək olar ki, evdə heç nə qalmır. Biz sifarişlə çalışırıq. Sifariş alırıq, neçə ədəd hazırlamaq lazımdırsa o qədər kələğayı hazırlanır. Demək olar ki, özümüzə heç nə qalmır.

- İmadəddin Nəsimidən başqa kimin portreti üzərində çalışırsınız?

- Hələlik heç kəsin. "Nəsimi ili" olduğuna görə dahi şairin portretini hazırladım. Amma hansısa portreti kələğayının üzərində həkk eləmək mənim üçün problem deyil.

- Deməli, hələlik yeni portret yoxdur?

- Qarşıdan kimin ili gəlsə, onun da portretini hazırlayacam. Dövlətimiz sağ olsun ki, 2019-cu ili "Nəsimi ili" kimi elan etdilər və bizim də əlimizdən bu gəlirdi. Bunu da hazırlayıb, ortaya qoyduq.

Nəsimi kələğayısı

- Mürşüd usta, Basqal kələğayılarının adı məşhurdur. Amma Şəkidə də kələğayı hazırlanır. Şəki kələğayısı ilə Basqalın nə fərqi var? Nəticədə hər ikisi ipəkdən hazırlanır...

- Xanım, biz indi sizinlə dahi Üzeyir bəyin abidəsinin qarşısında görüşmüşük. Üzeyir bəydən sonra bəstəkar olmayıb? Təbii ki, olub. Düzdürmü? Amma Üzeyir bəy ilkdir, əsasdır.

- Sizi anladım.

- Bəli, Üzeyir bəy Azərbaycan musiqisinin banisi olduğu kimi, kələğayının da vətəni Basqaldır. Şəkidə kələğayının tarixi 1933-cü ildən hesablanır. Şəkidə kələğayıların istehsalına əsasən İpək Kombinatının yaranmasından sonra başladılar. Tarixi danmaq cinayətdir. Əsl kələğayılar Basqalda hazırlanır. Basqalda 4 köhnə məhəllə, hər məhəllədə 7-8 boyaqxana var idi.

- Onlardan neçəsi qalıb?

- Onlardan demək olar ki, təkcə biz və başqa məhəllələrdə də 2-si qalıb.Yəni hazırda bu işi görən bizik. Ona görə də kələğayının vətəni Basqaldır. Şəkinin güclü mədəniyyət tarixi var. Məsələn, onlarda olan şəbəkələri heç kim edə bilmir. Sonra keramika sənəti Şəkidə çox güclü inkişaf edib. Amma Basqalın kələğayılarına heç biri çata bilməz. Bu sözləri təkcə mən demirəm. Bu işi bilən adamlar hər zaman belə deyiblər. Bakıda bu dəqiqə Şəki kələğayısı adı altında satılan kələğayıların hamısı Basqalındır.

Nəsimi kələğayısı

- Mürşüd usta, kələğayıdan başqa nə hazırlayırsınız?

- Kələğayıdan başqa şərflər də hazırlanır. Mehriban xanım sağ olsun ki, bizə dəstək oldu. Mehriban Əliyevanın diqqət və qayğısı nəticəsində kəlağayı sənətinə çox yüksək qiymət verildi. Kələğayı UNESKO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edildi. Bundan böyük sevinc ola bilməz.

- Siz həm də kələğayıların üzərinə Nəsimin qəzəllərindən beytlər əlavə etmək istəyirsiniz?

- Bəli, belə bir niyyətim var. Bundan sonra hazırlayacağım kələğayıların üzərinə Nəsiminin Azərbaycan və xarici dillərə tərcümə olunan qəzəllərini də köçürmək niyyətindəyəm. Nəsiminin qəzəllərindən beytlər İngilis və rus dillərinə tərcümə olunub, kələğayının üzərinə həkk edilsə, dünyaya çıxarmağa çox böyük təbliğat ola bilər. Bilirsiniz, "Nəsimi kələğayısı"nı elə insana hazırlamaq istəyirəm ki, onun dəyərini anlasın. Çünki elə biri ola bilər ki, kələğayını sifariş verib, sonra aparıb cib dəsmalı kimi istifadə edər. Ona görə də Nəsiminin dəyərini, yaradıcılığının qiymətini bilən insan bu kələğayıya sahib olmalıdır. Sizə məni narahat edən bir məsələni də demək istəyirəm. Bəziləri yazırlar ki, qadın örtüyü olan kələğayının üzərində Nəsiminin şəkli ola bilməz. Amma mən bu fikirlərlə tamamilə razı deyiləm. Nəsiminin əksi olan kələğayının dünyada tanıdılması ən böyük təbliğat vasitəsidir. Dəyərlərimizi dünyaya tanıtmalı və sahib çıxmalıyıq.

Mürşüd usta, sağ olun. Əl əməyi, göz nuru olan kələğayılarınızı hər bir xanım sevərək, qürurla daşısın.

Ülviyyə Həsənqızı