Ötən həftə Abdulla Şaiqin Mənzil Muzeyi və Nəriman Nərimanovun Xatirə Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı faciəsinə həsr edilmiş “Soyqırımı” adlı tədbir keçirilib.

Open.az xəbər verir ki, Nəriman Nərimanov Xatirə Muzeyində reallaşan tədbirdə Bakı şəhərində yerləşən muzeylərin, Abdulla Şaiq adına uşaq kitabxanasının, Şövkət Ələkbərova adına Mədəniyyət Evinin əməkdaşları, Azərbaycan Dövlət Tibb Universitetinin, Azərbaycan İqtisad Universitetinin tələbələri, Xətai rayonunun 58 saylı tam orta məktəbinin müəllim və şagirdləri iştirak ediblər.

Tədbirdə Xatirə Muzeyinin direktoru Kamilə Hüseynova, elmi işçi Rəna Qəhrəmanova, Abdulla Şaiqin Mənzil Muzeyinin direktoru Ülkər Talıbzadə, Şövkət Ələkbərova adına Mədəniyyət Evinin direktoru Cabar Süleymanov, 58 nömrəli tam orta məktəbinin müəllimi Pərvanə Abbasova və başqaları çıxış edərək Xocalı soyqırımının XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biri olduğunu söyləyiblər. Bildirilib ki, Xocalı faciəsi 200 ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin davamıdır. Xocalı soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb, 1275 nəfər əsir və girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Bu əməllərin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə törədilməsi Xocalı faciəsinin beynəlxalq hüquqa əsasən məhz soyqırımı olduğunu təsdiq edir.

Vurğulanıb ki, Azərbaycan dövləti erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün məqsədyönlü və ardıcıl fəaliyyət göstərir.

Tədbirdə 58 nömrəli tam orta məktəbin şagirdləri mövzu ilə bağlı ədəbi-bədii kompozisiya təqdim ediblər. Gənc istedadların ifasında musiqi nömrələri səsləndirilib.