Dekabrın 27-də Heydər Əliyev Sarayında təqdim ediləcək Firəngiz Əlizadənin “Nasimi Passion” vokal-xoreoqrafik tamaşanın məşqləri davam edir.

Open.az xəbər verir ki, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin xüsusi dəvətinə əsasən Sankt-Peterburq Balet Akademiyasının professoru, Rusiya Federasiyasının Xalq artisti Edvald Smirnovun quruluşunda təqdim olunacaq əsərdə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri, Azərbaycan Dövlət Xor Kapellası, F.Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı iştirak edəcəklər. Habelə “Nəsimi poeziyası” adlı bədii qiraət müsabiqəsinin qalibləri Fərid Bağırov və Ağaəli Kərimzadə İmadəddin Nəsiminin qəzəllərindən parçalar səsləndirəcəklər. Eləcə də ilk dəfə olaraq bu tamaşada xor artistləri xüsusi qurulmuş elementlər əsasında rəqs edəcəklər.

Tamaşada böyük şairin obrazını gənc vokalçı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Taleh Yahyayev canlandıracaq.

Tanınmış rəssam Nazim Yunusov tərəfindən hazırlanmış xüsusi eskizlər əsasında geyimlərin tikilişinə artıq start verilib.

Xüsusi qrafik elementlər, video instalyasiyalar, işıq effektləri, rəngarəng geyimlər ilə zəngin olan tamaşa bir ilk olaraq musiqisevərlərə təqdim ediləcəkdir.