Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Müharibə və uşaqlar” adlı videoslayd hazırlayıb.

Open.az xəbər verir ki, videoslaydda top, tüfəng altında uşaqlığı keçən körpələrimizin acınacaqlı həyatı təsvir olunub. Səadət və xoşbəxtlik rəmzi kimi gül qoxulu körpələr həm də ailənin bütövlüyü, nəslin davamı deməkdir. Məhəbbət və sevgi ilə özülü qoyulan ailə uzunömürlü olar. Belə ailələrdə dünyaya gələn körpəni də xoşbəxt sanırlar. Uşaqların aydın səmanın ağ göyərçinlərinə - sülh rəmzinə bənzədilməsi də təsadüfi deyil. Bəlkə də ona görədir ki, uşaqların qorunması, müdafiə edilməsi üçün bir sıra qanunlar qəbul olunub: 1924-cü ildə ilk dəfə olaraq uşaqların hüquqlarının təmini üçün bəyannamə qəbul edilib. Uşaqlar heç də həmişə xoşbəxt olmayıblar. Münaqişə və müharibələrin gətirdiyi bəlalar onların işıqlı dünyasını zülmətə çevirib.

Sülhün carçıları - gələcəyimiz olan uşaqlar daim açıq səma altında azad, əmin-amanlıq şəraitində, atalı-analı yaşamaq arzusunda olublar. Çox təəssüf ki, bu gün də dünyanın bir çox yerlərində münaqişələr davam etməkdə, torpaqlar qan çanağında boğulmaqda, günahsız uşaqlar... odsaçan silahların qurbanlarına çevrilməkdədirlər.