Avqustun 14-dü Azərbaycanın xalq artisti, UNESKO Musiqi Mükafatınının sahibi, Muğamın Alim möcüzəsi, zirvəsi olan Ustad Alim Qasımovun doğum günüdür.

Open.az xəbər verir ki, ustad xanəndəni ilk olaraq əziz qızı, Əməkdar artist Fərqanə Qasımova təbrik edib.

"Sənin dünyaya gəldiyin bu gün Muğamın yenidən canlanması, ucalması günü imiş canım Atam" deyərək təbrikini söyləyən Fərqanə Qasımova sevimli atası həm də Ustadı Alim Qasımova sevgisini paylaşdığı musiqi nömrəsi ilə bildirib.

Xatırladaq ki, 1957-ci ildə anadan olan Alim Qasımov Azərbaycan muğamının adını bütün dünyada tanıdıb. Saysız-hesabsız mükafatlar, titullar alan Ustad Sənətkarın adı dünyanın ən məşhur musiqiçiləri ilə bir sırada çəkilir.

Alim Qasımov 2009-cu ildə ABŞ-ın Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə dünyanın ən nüfuzlu 500 müsəlmanı arasında 4 azərbaycanlıdan biri olub.

Bütün Fəxri adlardan, mükafatlardan ucada dayanan Alim Qasımovu təbrik edirik.

Dünyaya gəldiyin gün mübarək olsun Ustad!

Ülviyyə Həsənqızı