Məlum olduğu kimi, sentyabrın 27-dən ermənilərin təxribatına cavab olaraq Azərbaycanın qüdrətli ordusu əks-hücum əməliyyatına başlayıb. Bu müddətdə Ali Baş Komandanın taktiki-manevr qabiliyyəti, komandanlıq qətiyyəti və ordumuzun peşəkarlığı sayəsində düşmən yetərincə itki verib, canlı qüvvələri və döyüş texnikaları sıradan çıxıb. Ən başlıcası isə Azərbaycanda hər kəs coşqu ilə cəbhə bölgəsinə getməyə hazırdır. Yurd sevgisi, vətənpərvərlik duyğusu, haqq işi uğrunda mübarizə ölkəni sarsılmaz monolit dağına döndərib.

Open.az xəbər verir ki, bu fikirləri Sumqayıt Dövlət Dram Teatrın direktoru, Əməkdar artist Mübariz Həmidov bildirib.

Düşməni həqir vəziyyətə salan zabit və əsgərlərimiz, demək olar ki, hər gün bir zirvəyə, bir yaşayış məskəninə Azərbaycan bayrağını sancırlar. Başını itirmiş düşmənlərin rəhbərliyi isterikada bəşəri dəyərləri, beynəlxalq hüququn müddəalarını unudub mülki insanlara top atəşləri açırlar. Bütün bu hadisələrin önündə bizi fərəhləndirən bir məqam var: Ali Baş Komandan İlham Əliyevin barışmaz mövqeyi, dəmir məntiqi və siyasi-diplomatik təcrübəsi.

M.Həmidov “Əl-Ərəbiyyə”, “Əl-Cəzirə”, “SNN”, SNN-Türk, habelə Rusiya kanallarına müsahibə verən Prezident İlham Əliyevin tarixi həqiqətlərin aydınlığında gerçək döyüş vəziyyətini, özünün sadiq olduğu ideyaları və xalqın istəyini, bu istəyə uyğun siyasi iradəsini mükəmməl şəkildə dünyaya çatdırdığını bildirib.

Ali Baş Komandanın həm siyasi-hərbi, həm də informasiya və diplomatiya cəbhələrindəki üstünlüyü ilə fəxr edirik. İlham Əliyevin xalqa müraciətini də diqqətlə dinləyir və tezliklə onun ədalət uğrunda apardığı müharibənin qələbə ilə başa çatmasını gözləyirik. Düşmən Azərbaycanın irəli sürdüyü şərtlərlə sülh danışığına məcbur edilib. Hərbi sahədə uğurlarımız nəticəsində siyasi-diplomatik müstəvidə status dəyişdirilir.

Bildirib ki, cəbhə bölgəsindən uzaqda yerləşən və dinc əhalinin sıx yaşadığı Gəncə şəhərinə atılan “Toçka” raketi nəticəsində sakinlərin həlak olması və yaralanması Paşinyanın məkrli niyyətini ortaya qoydu.

Biz incəsənət adamı olaraq, Azərbaycanın mədəniyyət mərkəzi olan Şuşada beynəlxalq teatr festivalının keçirilməsini arzulayırıq. O gün lap yaxındadır. (AzərTac)