Rusiyada yaşayan və "Mosfilm" kinostudiyasında çalışan həmyerlimiz, istedadlı aktyor, Rusiya Federasiyası Kinematoqrafiya İttifaqının və Rusiya kinoaktyorları Gildiyasının üzvü Fərhad Hüseynov yeni filmə çəkilir.

Bu barədə Open.az-a açıqlama verən aktyor bildirib ki, Rusiyanın Birinci kanalının sifarişi ilə ekranlaşdırılan 16 seriyalıq film "Ministerstvo" adlanır.

Fərhad Hüseynov "Ministerstvo" adlanan yeni 16 seriyalı bədii filmdə nazirlikdə çalışan yüksək vəzifəli şəxsin özbək əsilli sürücüsü Nodir obrazını canlandıracaq.

Çoxseriyalı bədii filmin quruluşçu rejissoru Roman Volobuyev, prodüsseri Aleksandr Çsekalodur.

Fərhad Hüseynov filmin maraqlı süjet xəttinin olduğunu deyib: " Filmdə bütün dünyada olan iqtisadi böhrandan bəhs olunur. Rusiyanın özündə lazım olmayan sahələrə ayrılan pullar, büdcənin dağıdılmasından bəhs olunan ekran işində tanınmış aktyor, 178 filmdə rol almış ,Yan Çaplinq də bizimlə birlikdə çəkilir və baş rol olan - nazir obrazını canlandırır. Mənim obrazım isə həmin nazirin özbək əsilli sürücüsüdür. Filmdə bizim aramızda maraqlı dialoqlar yaranır."

Fərhad Hüseynov filmdə onun iştirakı ilə olan səhnələrin çəkilişlərinin may ayının ikinci ongünlüyündə bitəcəyini bildirib. Aktyor əlavə edib ki, ekran əsəri başa çatdıqdan sonra növbəti səfəri Azərbaycana olacaq.

"Mayın sonunda doğma vətənimə Azərbaycana, Bakıya gəlirəm. Bir müddət vətənimdə qalmaq niyyətindəyəm."

Xatırladaq ki, Teatr İnstitutunu bitirdikdən sonra sənət fəaliyyətini Bakıda davam etdirən aktyor 1990-cı illərdə Rusiyaya köçüb.

Ülviyyə Həsənqızı

Mosfilm