“Moskva-Bakı: Mədəniyyətlərin dialoqu” konfransı paytaxt şəhərlərimiz arasında olan münasibətlərin səviyyəsini əks etdirir.

Open.az xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy söyləyib.

Rusiya Prezidentinin nümayəndəsi qeyd edib ki, bu münasibətlər nəinki humanitar, eyni zamanda, iqtisadiyyat, mədəniyyət və elm sahələrində əməkdaşlığı əhatə edir. Əlbəttə ki, rəsmi Moskva Azərbaycana vacib strateji tərəfdaş kimi baxır.

“Bizim böyük planlarımız var. Bizim bir-birimizə olan münasibətimizi sübut etməyimizə ehtiyac yoxdur. Bu günlərdə Polad Bülbüloğlunun Moskvada keçirilən yubiley konserti çoxlu sayda insanları bir araya gətirdi. Bu, mədəniyyət sahəsində əlaqələrin dərin kökə malik olduğuna bir işarə idi”, - deyə Mixail Şvıdkoy bildirib.

Prezidentin nümayəndəsi Azərbaycan və Rusiya dövlət başçılarının təşəbbüsü ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətindən də bəhs edib. O, qlobal hadisəyə çevrilən forumun Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafina təsir etdiyini, dünyanın xeyli ölkəsindən nümayəndələri özünə cəlb etdiyini bildirib.