"Hacıbaba Hüseynov Çəmbərəkənddə doğulub. Qismətə baxın ki, son mənzili də Çəmbərəkənd oldu. Hacıbaba Hüseynovun burada dəfn olunması haqqında göstərişi ümummilli lider Heydər Əliyev verib."

Bu fikirləri Open.az-a açıqlamasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, görkəmli kaman ifaçısı, əməkdar artist, Mirnazim Əsədullayev deyib. Onun sözlərinə görə oktyabr ayına qədər Hacıbaba Hüseynovun məzarı yenidən qurulacaq.

"2019-cu il oktyabrın 23-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında Hacıbaba Hüseynovun 100 illik yubileyi münasibətilə təntənəli mərasim keçiriləcək. Yadınızdadırsa, ustadın 70 illik yubileyi də bir zamanlar Filarmoniyanın səhnəsində baş tutmuşdu. Oktyabrda Hacıbaba Hüseynovun qəbirüstü abidəsi qoyulacaq. İndi gördüyünüz kimi çox sadə məzarı var. Allah, umumilli liderimiz Heydər Əliyevə rəhmət eləsin. Hacıbaba Hüseynovun burada dəfn olunması birbaşa onun adı ilə bağlıdır. Görürsünüz ki, ulu öndərin məzarı da yaxınlıqdadır. Həmçinin oktyabr ayında keçiriləcək yubileyə qədər Hacıbaba Hüseynov haqqında millət vəkili Rəfael Hüseynovun yeni kitabı nəşr olunacaq."

Xatırladaq ki, prezident İlham Əliyevin fevralın 22-də Azərbaycanın musiqi mədəniyyətinin inkişafı və təbliğində təqdirəlayiq xidmətləri olan ustad sənətkar Hacıbaba Hüseynovun anadan olmasının 100-cü ildönümünün qeyd olunması ilə bağlı sərəncam imzalayıb.

Ülviyyə Həsənqızı

Foto: Sultana Əhmədbəyli