Mədəniyyət Nazirliyinin sifarişi ilə “Azərbaycanfilm” kinostudiyası yeni bir filmi istehsalata buraxdı.

Open.az Azərbaycan Kinematoqrafçılar İttifaqına (AKİ) istinadən xəbər verir ki, “Xoş sonluqlu faciə” adlanan film rejissor, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə heyətinin üzvü, əməkdar incəsənət xadimi Mirbala Səlimlinin quruluşunda ekran həyatı qazanacaq.

Yeri gəlmişkən, rejissor müxtəlif janrlarda filmlər (“Odla qol-boyun”, “Moskvanın hekəltaraşlıq səlnaməsi”, “Şəki – tarixin naxışları”, “Mənim məktəbim”, “Olviya -xoşbəxtlik miteriyası”, “Qırmızı bağ” və s.) çəkib.

M.Səlimli bildirir ki, “Xoş sonluqlu faciə” filmi 1937-1938-ci illərdə Azərbaycanda SSR-də incəsənət, elm və ziyalı adamlara qarşı aparılan qanlı terror və repressiyalar haqqındadır. Filmdə insanların böyük təzyiq altında özlərini necə aparmaları, insani keyfiyyətlərini saxlayıb-saxlamamalarından söhbət açılır. Ümumiyyətlə isə filmin mövzusunun əsasını o təşkil edir ki, əsl sənətkar hansı ekstremal şəraitdə olmasından asılı olmayaraq zəmanəsinin gerçəkliyini əks etdirməlidir.

Onu da qeyd edək ki, film əsasən portret obrazlar üzərində qurulub. Belə ki, filmdə Azərbaycan KP MK-nın katibi Mircəfər Bağırov (1933-1953), Azərbaycanın ilk xalq şairi Səməd Vurğun (1906-1956), teatr və kino rejissoru Adil İsgəndərov(1910-1978), eyni zamanda o dövrün ədəbiyyat, elm, mədəniyyət və incəsənət adamları canlandırılacaq.

Mirbala Səlimli qeyd edir ki, filmin çəkilişləri Bakı və Bakı ətrafında lentə alınacaq. Hazırda film hazırlıq dövründədir, aktyorların sınaq çəkilişləri gedir.

Filmin ssenari müəllifi Arif Əliyev (Mirbala Səlimlinin iştirakı ilə) rejissoru Mirbala Səlimli, operatoru Maksim Drozdov, rəssamı Əziz Məmmədov, geyim üzrə rəssamı Şahin Həsənov, icraçı prodüseri Tofiq Musayevdir.