Tanınmış türk yazıçısı, dramaturq Tuncer Cücenoğlu ötən gün İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsərinə tamaşa edib.

Open.az xəbər verir ki, tamaşadan yüksək əhval-ruhiyyə ilə ayrılan Tuncer Cücenoğlu Azərbaycan teatrı, mədəniyyəti barədə ürək sözlərini bölüşüb.

Əsərləri türkdilli respublikalarda o cümlədən Azərbaycanda dəfələrlə səhnəyə qoyulan dramaturq bildirib ki, "Təkcə Bakıda olan teatr binalarını görmək, Azərbaycanla aramızda olan fərqi, onlarda teatra, sənətə nə qədər böyük qayğı və diqqətin olduğunu göstərir. Azərbaycanda əsərlərimin bir çoxu səhnələşdirilib. Buna görə qürur duyuram. Türkiyənin görkəmli ədəbiyyat adamları - Nazim Hikmət və Əziz Nesin Azərbaycanda olarkən "Özümüzü yurdumuzda hiss edirik". deyiblər. Nazim Hikmətin "Fərhad və Şirin" əsərinin motivləri əsasında XX-ci əsrin böyük bəstəkarı Arif Məlikov "Məhəbbət əfsanəsi" adlı balet yazıb. Bu balet dünyanın bütün məşhur səhnələrində dəfələrlə nümayiş olunub. Nazim Hikmətin "Fərhad və Şirin" əsərini dünyaya tanıdan Arif Məlikova təşəkkürümü bildirirəm. Həmçinin mənim əsərimin motivləri əsasında "Qızıl İrmaq" baletini yazan Cavanşir Quliyevə də təşəkkür edirəm. Ümid edirəm ki, "Qızıl İrmaq" baleti yaxın zamanlarda Bakı səhnəsində oynanılar. "Uçqun" (Çığ) adlı əsərim Azərbaycan səhnəsində tamaşa qoyulub. Buna görə də Azərbaycanın mədəniyyət xadimlərinə təşəkkür edirəm".

Xatırladaq ki, aprelin 17-də İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub.

Tamaşa İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanıb.

Ötən gün nümayiş olunan tamaşada Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, tanınmış şairə Sona Vəliyeva, Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım, Türkiyənin Mərmərə Qrupu Strateji və Sosial Araşdırmalar Vəqfinin sədri Akkan Suver, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Azərbaycanın İstanbuldakı baş konsulu Məsim Hacıyev, səfirliyin və konsulluğun əməkdaşları, ziyalılar, media nümayəndələri iştirak ediblər.

Ülviyyə Həsənqızı