Beynəlxalq Muğam Mərkəzi (BMM) tərəfindən unudulmaz xanəndə Məşədi Məmməd Fərzəliyevin irsi ilə bağlı aparılan tədqiqatlar zamanı yeni faktlar əldə olunub. Bu barədə BMM –dən həftəiçi canlı yayımlanan “Bizi birləşdirən mədəniyyət” verilişində ictimaiyyətə məlumat verilib.

Open.az xəbər verir ki, verilişdə qonaq olan Beynəlxalq Muğam Mərkəzinin “Unudulmayanlar” layihəsinin koordinatoru Gülhüseyn Kazımlı və Əməkdar müəllim Qəzənfər Abbasov xanəndənin irsi və yaradıcılığı haqqında geniş məlumat veriblər. Vurğulanıb ki, layihənin ideyası BMM-nin direktoru, Xalq artisti Murad Hüseynova məxsusdur. Bildirilib ki, o zamanların ən məşhur xanəndələrindən Hacı Hüsü, milyonçu olandan sonra oxumayan bir başqa xanəndə Seyid Mirbabayev də vaxtilə ölkəni tərk ediblər və hazırda məzarları başqa yerlərdədir.

“Biz onların da məzarlarını axtarırıq. Məsləhətləşdik və qərara aldıq ki, ustad xanəndələrimizin son mənzilinin tapılması çox vacib işdir. Məşədi Məmməd Fərzəliyevin 1962-ci ildə Türkiyənin İstanbul şəhərində vəfatından sonra bu günə qədər onun məzarının məlum olmaması səbəbindən xanəndənin məzarının və arxivinin axtarışını zəruri hesab etdik”,-deyə Gülhüseyn Kazımlı söyləyib.

Verilişdə əvvəl əldə olunan 3 lent yazısından başqa daha bir ifanın da M.M. Fərzəliyevə məxsus olduğunun aşkar edildiyi bildirilib. Bu ifa, musiqisi dahi Üzeyir Hacıbəyli, sözləri Əhməd Cavada məxsus olan və bu gün dinləyicilər tərəfindən “Çırpınırdı Qara dəniz” mahnısı kimi daha çox tanınan “Türkün bayrağı” əsəridir. Buradan da belə bir nəticəyə gəlmək olur ki, bu məşhur mahnının bəlkə də ilk ifaçısı elə Məşədi Məmməd Fərzəliyev olub .

Tədqiqatla bağlı əlavə məlumatlar ictimaiyyətə təqdim olunacaq .

Məşədi Məmməd Fərzəliyevin irsi ilə bağlı aparılan tədqiqatlar zamanı yeni faktlar əldə olunub