Martın 15-i Azərbaycanın görkəmli teatr aktyoru, xalq artisti Məmmədəli Vəlixanlının doğum günüdür.

Open.az xəbər verir ki, görkəmli sənətkarın 120 illik yubileyidir.

Teatr sənətinə marağı uşaq vaxtlarında gördüyü dini şəbih tamaşalarından yaranan Məmmədəli Hacı Heydər oğlu Vəlixanlı 1899-cu il martın 15-də Bakıda anadan olub.

Atası yeganə oğlu olan Məmmədəlini "Səfa" mədəni-maarif cəmiyyəti nəzdindəki məktəbə qoyub. Həmin dövrdə Azərbaycan realist aktyor məktəbinin banisi Cahangir Zeynalov "Səfa"nın teatr truppasında əsas simalardan biri idi. O, 1912-ci ildə quruluş verdiyi Mirzə Fətəli Axundovun "Hacı Qara" komediyasının tamaşasında Bədəl rolunu Məmmədəliyə tapşırıb. Bununla da gələcək aktyor sənət yolunda ilk addımını atıb.

1920-ci ildə Milli Dram Teatrının xor heyətinə işə qəbul olunub. Həmin dövrdə opera və operetta tamaşaları da burada oynanılırdı. İşə başladığı ilk illərdə "Leyli və Məcnun", "Əsli və Kərəm", "Şah İsmayıl" operalarında xorda oxuyan Vəlixanlı tədricən dram tamaşalarında sözsüz rollarda səhnəyə çıxıb.

Məmmədəli Vəlixanlı teatrda çalışdığı dövrdə Bakı Teatr Texnikumunda təhsilini davam etdirib.

Otuzuncu illərin sonlarında realist aktyor məktəbinin duzlu komik aktyoru kimi tanınan Məmmədəli Vəlixanlı Azərbaycan teatrının səhnəsində tamaşaya qoyulan əsərlərdə maraqlı obrazlar yaradıb.

Məmmədəli Vəlixanlı 1961-ci ildə Sabit Rəhmanın "Əliqulu evlənir" tamaşasının premyerasından az müddət sonra qəfildən iflic olur. Bir daha səhnəyə çıxa bilməyən sənətkar 1969-cu il aprelin 12-də dünyasını dəyişib.

Məzarı Bakıda ikinci Fəxri xiyabandadır.

Qeyd edək ki, Məmmədəli Vəlixanlının sənət yolunu sonralar oğlu Aqşin Vəlixanlı davam etdirib. Akademik Milli Dram Teatrında çalışan Aqşin Vəlixanlı 1998-ci ildə vəfat edib.

Xatırladaq ki, hazırda Vəlixanlılar şəcərəsini Azərbaycanın görkəmli alimi, tarix üzrə elmlər doktoru, akademik Nailə Vəlixanlı davam etdirir.

Ülviyyə Həsənqızı

Məmmədəli Vəlixanlının 120 illik yubileyidir

Məmmədəli Vəlixanlının 120 illik yubileyidir