20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə yanvarın 17-18-19 və 20-də bir sıra tədbirlər keçiriləcək.

Open.az xəbər verir ki, bu gün saat 16:00-da Azərbaycan Milli İncəsənət Muzeyində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Qan yaddaşımız” adlı rəsm sərgisinin açılışı keçiriləcək.

Həmçinin saat 16:00-da Xətai Sənət Mərkəzində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş “Azadlıq aşiqləri günü - 20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisinin açılışı olacaq.

Axşam saat 19:00-da isə Nizami Kino Mərkəzində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı anım tədbiri və “Silahdaşlar” sənədli filminin nümayişi baş tutacaq.

Yanvarın 18-i saat 11:00-da Qobustan Milli Tarix-Bədii Qoruğunda 20 Yanvar hadisələrinə həsr olunmuş tədbir keçiriləcək.

Yanvarın 18-19-u saat 19.00-da Azərbaycan Dövlət Gənc Tamaşaçaçılar Teatrında Xalq yazıçısı Anarın “Şəhərin qış gecələri” tamaşasının premyerası olacaq.

Qeyd edək ki, 20 Yanvar Ümumilli Hüzn və Qürur günümüzdə Azərbaycanda fəaliyyət göstərən mədəniyyət və incəsənət ocaqlarında, teatr, kinoteatr və konsert müəssisələrində bir sıra tədbirlər keçiriləcək, tamaşalar və filmlər nümayiş olunacaq.

Ülviyyə Həsənqızı