Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, Mədəniyyət nazirinin vəzifələrini müvəqqəti icra edən Anar Kərimovun müvafiq əmri ilə Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri vəzifəsinə Marifli Akif Marif oğlu təyin edilib.

Open.az xəbər verir ki, Akif Marifli 1979-cu ildə Gəncə şəhərində anadan olub. Bakı Dövlət Universitetinin 2000-ci ildə “Tarix” ixtisası üzrə bakalavr, 2002-ci ildə “Türk dünyası tarixi” ixtisası üzrə magistr dərəcələrini alıb. Tarix üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyətinə 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasında başlayıb. 2006-2016-cı illərdə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində fəaliyyətini davam etdirib. 2017-ci ildən son təyinatadək “Az Book Group” MMC və “Miran Trade Group” MMC-də direktor, “LIBRAFF” MMC-də icraçı direktor vəzifələrində çalışıb.

Nazirliyin Kitab dövriyyəsi və nəşriyyatlarla iş şöbəsinin müdiri Cəfərov Aslan Qulu oğlu Anar Kərimovun əmrinə əsasən tutduğu vəzifədən azad edilərək Nazirliyin Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Aslan Cəfərov 1965-ci ildə Qazax rayonunda anadan olub. Azərbaycan Dövlət Universitetini “Filoloq” ixtisası üzrə bitirib. “Azərbaycan Təbiəti” jurnalı, Qırmızı Aypara Cəmiyyəti “Mərhəmət” jurnalıda ədəbi işçi kimi işləmiş, “Dəli Kür” qəzetinin baş redaktoru olmuş, fəaliyyətini Beynəlxalq Bankda və Nikoil” Bankda davam etdirmişdir. Mədəniyyət və Turizm Nazirliyi və Mədəniyyət Nazirliyinin Mərkəzi Aparatında məsul vəzifələrdə çalışmışdır.

* * *

Anar Kərimovun müvafiq əmrlərinə əsasən Nazirliyin regional mədəniyyət idarələrində də yeni kadr təyinatları həyata keçirilib.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Şükürov Mehman Şakir oğlu və Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi Hüseynov Elçin Sabir oğlu tutduqları vəzifələrdən azad ediliblər.

Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsinə Əliyev Rəşad Rahib oğlu təyin edilib.

Rəşad Əliyev 1982-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının “Bədən tərbiyəsi və idman” ixtisası üzrə bakalavr, 2005-ci ildə “Bədən tərbiyəsinin ümumi nəzəriyyəsi” ixtisası üzrə magistr (fərqlənmə) pillələrini bitirib. 2010-cu ildə Azərbaycan Dövlət İqtisad Universitetində “Beynəlxalq iqtisadi münasibətlər” ixtisası üzrə əlavə təhsil alıb. 2017-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Dövlət və bələdiyyə idarəetməsi” ixtisası üzrə magistratura pilləsini bitirib.

Əmək fəaliyyətinə 2006-cı ildə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyində başlayıb. 2007-2018-ci illərdə Mədəniyyət və Turizm Nazirliyində məsul vəzifələrdə çalışıb. 2018-ci ildən son təyinatadək Mədəniyyət Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş, Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbələrində müdir vəzifəsində işləyib.

Rəşad Əliyev 2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən “Tərəqqi” medalı ilə təltif edilib.

Biləsuvar Regional Mədəniyyət İdarəsinin rəisi vəzifəsi isə Nazirliyin Regional siyasət şöbəsinin əməkdaşı Sadıxov Əlisultan Sənan oğluna həvalə edilib.

Əlisultan Sadıxov 1962-ci ildə Lerik rayonunda anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu “Azərbaycan dili və ədəbiyyatı müəllimi” ixtisası üzrə bitirib.

Lerik rayon İcra Hakimiyyətində, Mədəniyyət və Turizm Nazirliyinin sistemində və Mərkəzi Aparatında, Mədəniyyət Nazirliyinin Mərkəzi Aparatında məsul vəzifələrdə çalışıb.