“Qalereya-1969” qalereyasının direktoru, Əməkdar mədəniyyət işçisi Elçin Aydın oğlu Orucov təsviri sənət sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə, habelə 50 yaşının tamam olması münasibətilə Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı ilə təltif edilib.

Open.az xəbər verir ki, E.Orucov 1988-1990-cı illərdə Azərbaycan Rəssamlar İttifaqında Sərgilər şöbəsinin əməkdaşı, 1997-2000-ci illərdə S.Bəhlulzadə adına Sərgi Salonunun sərgilər şöbəsinin müdiri vəzifələrində çalışmış, 2000-ci ildə isə S.Bəhlulzadə adına Sərgi Salonunun direktoru vəzifəsinə təyin edilmişdir.

Qeyd edək ki, Elçin Orucov 25 noyabr 1969-cu ildə Bakı şəhərində anadan olub. 1988-ci ildə Ə.Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini, 1996-cı ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsini, 2004-cü ildə Mingəçevir Politexnik İnstitutunun Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini, 2007-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib.

O, 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.

Elçin Aydın oğlu Orucov Azərbaycan təsviri sənətinin inkişafındakı xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 9 may 2012-ci il tarixli Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb.

Hazırda Elçin Orucov “Qalereya-1969” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi kimi milli təsviri sənətimizin təbliğinə yönəlik fəaliyyətlə məşğul olur.