İşğaldan azad olunmuş ərazilərdə inventarlaşma işləri hələ də davam edir.

Open.az xəbər verir ki, bunu yanvarın 14-də ADA Universitetində keçirilən mətbuat konfransında mədəniyyət naziri Anar Kərimov deyib.

Nazir bildirib ki, hazırda 6 rayon üzrə məlumatlar əldə edilib: “Bu günə olan məlumata əsasən həmin ərazilərdə 399 mədəniyyət müəssisəsi aşkar edilib. Eyni zamanda, 372 tarixi mədəniyyət abidəsi müəyyənləşib. Onlardan 195-i Şuşada yerləşir”.

Anar Kərimov hazırda əldə edilən məlumatların sistemləşdirildiyini söyləyib: “Hazırda nazirlikdə yol xəritəsi hazırlanır. Bu prosesə həm yerli, həm də xarici ekspertlərin cəlb edilməsi nəzərə tutulur. Abidələrin bərpasına gəldikdə, artıq təsnifatlandırma aparmışıq. Təbii ki, ilk növbədə dünya əhəmiyyətli abidələrdən başlamalıyıq. Bərpa işləri Şuşa şəhərində başlayacaq. Bildiyiniz kimi, Şuşa şəhəri minalardan təmizlənib, digər tərəfdən Şuşa ölkəmizin mədəniyyət paytaxtı elan olunub. Daha sonra Ağdam, Füzuli və digər rayonlardakı abidələrin də bərpası aparılacaq. Lakin həmin rayonlar ilk növbədə minalardan tam təmizlənməlidir".