Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimovun rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə rəsmi səfəri davam edir.

Open.az xəbər verir ki, Mədəniyyət naziri Anar Kərimovun Türkiyə Prezidentinin baş müşaviri Yalçın Topçu ilə görüşündə iki qardaş ölkə arasında mədəniyyət sahəsində əməkdaşlığın dərinləşdirilməsi, ortaq tarixi irs və dəyərlərimizin təbliği istiqamətində birgə layihələrin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Yalçın Topçu 44 günlük Vətən müharibəsində qazanılan tarixi zəfər, habelə bütün dünyaya nümayiş etdirilən əzm və mübarizliyə görə Azərbaycan xalqına təbriklərini ifadə edib. Bildirib ki, müharibənin ilk günündən etibarən qardaş ölkə dəstək verən Türkiyə, müharibədən sonrakı dövrdə də və ümumilikdə hər zaman Azərbaycanın yanındadır.

Nazir Anar Kərimov Qarabağ müharibəsində Azərbaycanın qazandığı qələbədə başda Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla Türkiyə dövləti və xalqının Azərbaycana göstərdiyi dəstəyi vurğulayaraq, bu birlik və əməkdaşlığın mədəniyyət sahəsində də davam etdirilməsinin əhəmiyyətini qeyd edib. Ermənistanın Azərbaycanın mədəni irsinə qarşı saxtalaşdırma və mənimsəmə siyasətinin hələ də davam etdiyini bildirən Anar Kərimov tarixi həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ölkələrimizin birgə səylərinin artırılmasının bu mübarizəyə əhəmiyyətli töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycana, habelə cəbhə bölgəsi ərazilərinə dəfələrlə səfər etdiyini bildirən Yalçın Topçu Ermənistanın müharibə müddətində hərbi əməliyyatların aparıldığı ərazilərdən kənarda olan yaşayış məntəqələrini, məqsədli şəkildə hədəfə almasını, dinc əhalini qətlə yetirməsini, evləri, mülki infrastruktur obyektlərini dağıtmasını kədər hissi ilə xatırlayaraq, Vətən müharibəsində şəhid olanlara Allahdan rəhmət, qazilərə şəfa diləyib.

* * *

Mədəniyyət naziri Anar Kərimov ilə Türkiyə Böyük Millət Məclisi Milli Təhsil, Mədəniyyət, Gənclik və İdman komissiyasının sədri Emrullah İşlər arasında görüş keçirilib.

İkinci Qarabağ müharibəsində ölkəmizin əldə etdiyi parlaq qələbə münasibətilə təbriklərini ifadə edən Emrullah İşlər bu haqq savaşında Azərbaycan xalqının nümayiş etdirdiyi əzmkarlığın və Azərbaycan əsgərinin rəşadətinin Türkiyə cəmiyyətində böyük qürur hissi ilə qarşılandığını diqqətə çatdırıb. O, nümayəndə heyətinin Türkiyəyə səfərinin əhəmiyyətini vurğulayaraq, bu səfərin əlaqələrin inkişafına və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyini deyib.

Nazir Anar Kərimov Türkiyə Böyük Millət Məclisində olmasından məmnunluğunu ifadə edərək Vətən müharibəsində Türkiyənin ölkəmizə göstərdiyi dəstəyi xüsusilə vurğulayıb. Türkiyə və Azərbaycanın müvafiq qurumları, həmçinin xalqlarımız arasında dünyaya nümunə olan birlik və həmrəyliyin bundan sonra daha da gücləndirilməsinin vacibliyi qeyd edilib.

Görüşün sonunda nazir Qarabağ mədəniyyətini əks etdirən kitabları Emrullah İşlərə təqdim edib.

* * *

Mədəniyyət naziri martın 2-də Ankarada Türkiyə Prezident Kitabxanasını da ziyarət edib.

Nazirə kitabxananın tarixi və müasir dövrün tələblərinə uyğun qurulan fəaliyyəti barədə məlumat verilib. Anar Kərimov kitabxanada Türkiyə Cümhuriyyətinin qurulması tarixindən bəhs edən sərgi ilə tanış olub.

Kitabxana və sərgi barədə təqdimata görə təşəkkürünü bildirən mədəniyyət naziri ölkəmiz, o cümlədən Qarabağ haqqında kitabları Türkiyə Prezident Kitabxanasına hədiyyə edib.