Cari ilin 18 noyabr tarixində MDB iştirakçı dövlətlərinin Mədəni əməkdaşlıq üzrə Şurasının videokonfrans formatında 35-ci iclası keçirilib.

Open.az xəbər verir ki, İclasda MDB iştirakçı dövlətlərinin mədəniyyət sahəsində əməkdaşlıq üzrə 2016-2020-ci illər üçün həyata keçirilmiş əsas tədbirləri və MDB-nin Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyinə həsr olunmuş Tədbirlər Planının icra vəziyyəti haqqında hesabatlar dinlənilmiş, 2021-2025-ci illər üçün mədəniyyət sahəsində həyata keçiriləcək əsas tədbirlərin təşkili ilə bağlı görüləcək işlər, MDB çərçivəsində elan olunmuş Xalq yaradıcılığı və mədəni irs ilinə (2022) həsr olunmuş Tədbirlər Planı layihəsinin hazırlanması və digər məsələlər müzakirə olunmuşdur.

İclasda Rusiya Federasiyası, Belarus, Moldova, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Ermənistan və Özbəkistanın mədəniyyət nazirləri və nazir müavinləri və MDB-nin İcraiyyə Komitəsinin rəhbərliyi iştirak etmişdir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyini nazir müavini Sevda Məmmədəliyeva təmsil etmişdir.

İclasda çıxış edən Sevda Məmmədəliyeva təqribən 30 il ərzində Ermənistan tərəfindən işğal altında saxlanılan ərazilərin, xüsusilə də Azərbaycan mədəniyyətinin beşiyi hesab edilən Şuşa şəhərinin müzəffər ordumuz tərəfindən azad edilməsi və bunun dünya mədəniyyəti üçün əhəmiyyəti barədə iştirakçıları ətraflı məlumatlandırmışdır. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi Qətnamələrdə (822,853,874,884) erməni silahlı qüvvələrinin dərhal və qeyd-şərtsiz Azərbaycan torpaqlarından çıxarılması tələb olunsa da, işğalçı Ermənistan bütün bu müddət ərzində onlara məhəl qoymamış və təcavüzkar siyasətini davam etdirmişdir.

Qeyd olunmuşdur ki, maddi-mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin işğalı nəticəsində bir sıra şəhərlər tamamilə məhv edilmiş, bütün mədəni mülkiyyət talan olunmuş, tarixi abidələr və mədəniyyət müəssisələri vəhşicəsinə dağıdılmışdır. Nazir müavini hazırda azad edilmiş ərazilərdə mədəni mühiti canlandırmaq, abidələri, muzeyləri və müxtəlif mədəniyyət müəssisələrini bərpa etmək üçün Mədəniyyət Nazirliyi tərəfindən xüsusi fəaliyyət planının hazırlandığını bildirmişdir. Qeyd edilmişdir ki, tarixi abidələrin və mədəniyyət obyektlərinin vəziyyətinin ilkin monitorinqi artıq başlanılıb. Keçirilmiş ilkin monitorinq nəticəsində аşkar olunmuşdur ki, bütün mədəniyyət müəssisələri tamamilə dağıdılmış vəziyyətdədir və bütün bunlar Ermənistan tərəfi üçün beynəlxalq hüquqi məsuliyyət yaradır. Məsələyə UNESCO və digər beynəlxalq təşkilatların qəbul etdiyi konvensiyalar çərçivəsində baxılması nəzərdə tutulur.

S.Məmmədəliyeva çıxışında həmçinin MDB ilə əməkdaşlıq çərçivəsində ölkədə mədəniyyət sahəsində həyata keçirilən layihələr, görülən işlər və yeni növ Koronavirus (COVID–19) pandemiyası dövründə fəaliyyətini onlayn qaydada davam etdirən mədəniyyət müəssisələri barədə məlumat vermişdir.