Lənkəran şəhərində görkəmli hərbi xadim, iki dəfə Sovet İttifaqı Qəhrəmanı, general-mayor Həzi Əhəd oğlu Aslanovun anadan olmasının 110 illiyi qeyd olunub.

Open.az xəbər verir ki, tədbir onun adını daşıyan Ev-muzeyində keçirilib.

Tədbirdə rayon ictimaiyyəti, hüquq-mühafizə orqanlarının rəhbərləri, mədəniyyət, təhsil işçiləri iştirak edib.

Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Vüsal Nəsirli çıxış edərək “Xalqımızın igid oğulları sırasında general Həzi Aslanovun qəhrəmanlığın rəmzinə çevrilmiş adı dərin ehtiramla çəkilir. Dünyanın faşizmdən qurtulması uğrunda ağır döyüşlərdə Həzi Aslanov mahir hərbi sərkərdə istedadı nümayiş etdirmiş və hərb salnaməsində yeni parlaq səhifələr açmışdır. Onun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.” –deyə qeyd edib.

Sonra rayon Ağsaqqallar Şurasının sədri Sərhad Məmmədov çıxış edərək böyük sərkədənin müharibədə göstərdiyi igidliklərdən danışıb, onun həyatının gənc nəslə nümunə olduğunu bildiriblər.

Tədbir ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam edib. Tədbirin sonunda qonaqlar Həzi Aslanovun Ev-muzeyi ilə tanış olublar.