N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerası olub.

Lənkəran Teatrından Open.az-a daxil olan xəbərə görə tamaşaçıların maraqla qarşılaqıqları tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.

"Senemar" tamaşasının quruluşçu rejissoru Qərib Mənuçehri, səhnə tərtibatçısı, rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.

Tamaşanın baş qəhrəmanı Senemar adlı, dünyada məşhur olan memardır. Hadisələr memar Senemarın və ərəb sultanı Nömanın ətrafında cərəyan edir. Maraqlı süjet xətti olan tamaşanın finalı memar Senemarın kədərli həyat hekayəsi ilə başa çatır.

Xatırladaq ki, İranlı müəlliflərin əsərləri Lənkəran Teatrında tez-tez səhnələşdirilir və əsərlərə çox zaman İranlı rejissorlar quruluş verir.

Son dəfə 2015-ci ildə iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda Lənkəran Teatrında nümayiş olunub.

Lənkəran Teatrı həmin tamaşa ilə İranda keçirilən beynəlxalq Fəcr festivalında çıxış edib.

Ülviyyə Həsənqızı