Avqustun 14-dən 18-dək İranın paytaxtı Tehran şəhərində Beynəlxalq Adət-Ənənə Festivalı keçiriləcək.

Open.az xəbər verir ki, N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanı Beynəlxalq Adət-Ənənə Festivalında nümayiş etdirəcək.

Tamaşada rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, aktyorlar Səyyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa edir.

"Senemar" tamaşasının quruluşçu rejissoru Qərib Mənuçehri, səhnə tərtibatçısı, rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı isə Fərahim Fərəcovdur.

Tamaşanın baş qəhrəmanı Senemar adlı, dünyada məşhur olan memardır. Hadisələr memar Senemarın və ərəb sultanı Nömanın ətrafında cərəyan edir. Maraqlı süjet xətti olan tamaşanın finalı memar Senemarın kədərli həyat hekayəsi ilə başa çatır.

Xatırladaq ki, İranlı müəlliflərin əsərləri Lənkəran Teatrında tez-tez səhnələşdirilir və əsərlərə çox zaman İranlı rejissorlar quruluş verir.

Son dəfə 2015-ci ildə iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda Lənkəran Teatrında nümayiş olunub.

Ülviyyə Həsənqızı

Lənkəran Teatrı Tehranda keçiriləcək Adət-Ənənə Festivalında çıxış edəcək