Ötən gün Beynəlxalq Muğam Mərkəzində xalq artisti Eyyub Yaqubovun "Külli-zaman içrə saat yarım" adlı ədəbi-bədii kompozisiyası tamaşaçılara təqdim olunub.

Open.az xəbər verir ki, şeirli, musiqili gecə həqiqətən də yaddaşlarda həkk olundu. Eyyub Yaqubovun qəzəl, şeir dünyasına səyahəti və bu səfərdə sevimli tamaşaçılarını da özü ilə birgə aparması ecazkar duyğuların yaranmasına səbəb olub.

Eyyub Yaqubovun ürfan məclisi əsl Ramazan ayına yaraşan ziyafət idi.

Ədəbi-bədii kompozisiyada tanınmış sənətkarlar- aktyor, rejissor Əbdülqəni Əliyev Natəvan Qeybani klassik ədəbiyyata giriş ediblər. Seyyid İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Seyyid Əzim Şirvani, Əliağa Vahid, Hüseyn Cavid, Mikayıl Müşfiqin şeirləri, qəzəlləri səsləndirilib. Eyyub Yaqubov bədii qiraətə həm musiqilə, həm də şifahi qoşulub, tamaşaçılarını özü ilə birlikdə sehirli qəzəl, şeir dünyasına aparıb.

Konsert proqramı dahi Seyyid İmadəddin Nəsiminin 650 illik yubileyi şərəfinə hazırlansa da, gecə yaddaşlarda hər zaman ən cavan qalacaq şair, Mikayııl Müşfiqin şeiriyyət dünyası ilə açılıb.

"Yenə o bağ olaydı" mahnısı səslənib. Ardınca Eyyub Yaqubov "Sevgi bizim fitrətimizdir" deyib, "Həsrətinin yollarındayam" söyləyib.

"Həsrətimiz də, ümidimiz də SƏNSƏN!" deyərək YARADANa müraciətdən sonra "Sənsən" adlı mahnı səsləndirildi. Əbdülqəni Əliyev Natəvan Qeybaninin şeir deyişməsindən sonra Nəsimi dünyasına keçid edildi və Eyyub Yaqubov "Hicaz" qrupu ilə birlikdə "Qafil oyan" söyləyərək, özündən bixəbər qafilləri oyanmağa səslədi.

Məhəmməd Füzulinin qəzəllərinin fonunda "Kim bilir" mahnısı", ardınca "İnsanın qəlbini fərəhlə dolduran" söhbət və Eyyub Yaqubovun ustadı Əlibaba Məmmədovun məşhur "Dəşti"siilə ədəbi-bədii ürfan məclisi "Xeyiri yayanlardan olaq" duası ilə sona yaxınlaşıb.

Eyyub Yaqubov "Yıxılır dünya" deyərək yaradana musiqi duasını göndərdi və gecənin finalı Əbdülqəni Əliyev, Natəvan Qeybani və səbəbkar Eyyub Yaqubovun ifasında "Kimsə Nəsimi sözünü" qəzəli ilə başa çatıb...

Beynəlxalq Muğam Mərkəzinə toplaşan tamaşaçılar bu gecədən çətinliklə ayrılsalar da, "Külli-zaman içrə saat yarım"ın əks-sədası hələ uzun zaman düşüncələrdə yaşayacaq.

Qeyd edək ki, ədəbi-bədii kompozisiyanın ssenari müəllifi və rejissoru Mirsahib Ağazadə, təşkilatçıları və gecənin əziyyətini çəkənləri isə Əbdülqəni Əliyev, Lalə Əliyeva, Seyhan Əliyeva, Eyyub Yaqubovun musiqiçi dostları, "Hicaz" qrupu və bu gecənin ərsəyə gəlməsində azacıq da olsa əməyi olan hər kəs tədbirin əsl qəhrəmanları olublar.

"Külli-zaman içrə saat yarım" əsl musiqi ziyafəti, ramazan iftarı olub.

Xalq artisti Eyyub Yaqubov və dostları belə gecələrin sayını çox etsələr, savab qazanarlar.

Ülviyyə Həsənqızı